Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinə görə indiyədək 480 mln. manat ödənilib

Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinə görə indiyədək 480 mln. manat ödənilib
# 04 dekabr 2012 10:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi nəticəsində 2012-ci il iyunun 1-dən dekabrın 1-dək əmanətçilərə ümumilikdə 480,446 mln. manatdan çox vəsait ödənilib. «APA-Economics»in məlumatına görə, bunu «Kapital Bank» ASC-nin Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.


A.Əliyevin sözlərinə görə, 6 ay (iyun-noyabr) ərzində «Kapital Bank»a fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən 1 328 943 müraciət daxil olub. Bu müddətdə Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində 1 220 253 əmanətçiyə vəsait ödənilib.

A.Əliyev bildirib ki, bundan başqa 49 223 müraciət üzrə ödənişlərin aparılmasına icazə verilib. Sənədlərini təqdim etmiş həmin əmanətçilər fərdi birdəfəlik ödəməni götürmək üçün hələlik yerli xidmət məntəqələrinə müraciət etməyiblər.


Qeyd edək ki, Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesində ərizələrin qəbulu 2012-ci ilin dekabrın 31-də başa çatır. Bu səbəbdən A.Əliyev əhalini ödəmələri almaq üçün ərizələri bu ay ərzində təqdim etməyə çağırıb. A.Əliyev həmçinin son aylar ərzində ərizələrin sayında azalmanın müşahidə olunduğunu bildirib. Belə ki, oktyabr ayında təxminən 200 min ərizə təqdim olunubsa, noyabrda bu göstərici 180 minə bərabər olub. Dekabr ayı üçün də təxmini proqnoz həmin səviyyədədir.

Eyni zamanda ödəmələrin verilməsi prosesi 2013-cü ilin sonuna kimi aparılacaq və gələn il ərzində problemli ərizələrin baxılması, vərəsəliklə bağlı müddətlərin uzadılması səbəbindən gecikdirilən ödəmələrin verilməsi və s. məsələlər həll olunacaq.

Qeyd edək ki, ödəmələr 1992-ci il yanvarın 1-nə olan əmanət qalıqları üzrə verilir. Bu tarixdən sonra SSRİ-nin Əmanət Bankına qoyulan pulların qaytarılması məsələsi hələlik baxılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR