İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər Yerusəlimdə yerləşən Yad Vaşem – Holokost Qurbanlarının Ümumdünya Xatirə Mərkəzini ziyarət ediblər.
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, bu məkan Holokost qurbanlarının xatirəsinin qorunması, həmin dövrə aid sənədlərin toplanması və tədqiqi, eləcə də tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm mərkəzlərdən biridir.
Azərbaycanlı jurnalistlər muzeyin ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nasist Almaniyası və onun müttəfiqləri tərəfindən Avropada yəhudilərə qarşı həyata keçirilən sistemli təqiblər və kütləvi qətllər fotoşəkillər, sənədlər, məktublar, şəxsi əşyalar və şahid ifadələri vasitəsilə təqdim olunur.
1953-cü ildə İsrail parlamentinin qərarı ilə yaradılan Yad Vaşemdə Holokost zamanı həyatını itirən insanların xatirəsi yaşadılır. Muzeydə hadisələrin xronologiyası ilə yanaşı, faciənin ayrı-ayrı insanların və ailələrin taleyinə təsiri də nümayiş etdirilir.
Mərkəzin ərazisində yerləşən Xatirə zalında da Holokost qurbanlarının xatirəsi yad edilib. Burada nümayiş etdirilən materiallar faciənin miqyasını və insan itkilərinin ağrısını bir daha xatırladır.
Bildirilib ki, Holokost kimi faciələrin unudulmaması nifrət, ayrı-seçkilik və insanlıq əleyhinə cinayətlərin təkrarlanmaması baxımından mühüm əhəmiyyət daşıyır.