İran ABŞ-dan BMT-yə şikayət edib

İran ABŞ-dan BMT-yə şikayət edib
# 26 noyabr 2012 06:28 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai BMT baş katibi Pan Gi Mun və BMT Təhlükəsizlik Şurasına məktub göndərib.

Məktubda ABŞ-ın Fars körfəzindəki və Oman dənizindəki donanmasının qeyri-qanuni və təxribat xarakterli addımlarından, eyni zamanda ABŞ təyyarələrinin İranın hava məkanını dəfələrlə pozmasından bəhs olunub. Məktubda qeyd edilir ki, 2012-ci ilin oktyabr ayında ABŞ donanmasına məxsus təyyarələr Buşəhr şəhəri və Buşəhr Atom-Elektrik Stansiyasının (AES) yerləşdiyi ərazinin üzərindən uçmaqla 7 dəfə İranın hava məkanını pozub. ABŞ-a məxsus pilotsuz təyyarə isə noyabrın 1-də xəbərdarlıqlara baxmayaraq, Fars körfəzi üzərində İranın hava məkanını pozub.

Məktubun sonunda BMT baş katibindən ABŞ hökumətinin beynəlxalq hüquqa zidd davranmağa davam edəcəyi təqdirdə təxribat xarakterli və təhlükəli hərəkətlərindən məsuliyyət daşıyacağı mövzusunda xəbərdar etməsi, bu ölkəyə qarşı praktiki və qanuni addımlar atması tələb olunub.

Hələlik Ağ Ev İranın tələbi ilə bağlı hər hansı açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR