Asəf Quliyev: “Vahid namizəd məsələsi İP çərçivəsində həllini tapsa belə, kəsərli olmayacaq”

Asəf Quliyev: “Vahid namizəd məsələsi İP çərçivəsində həllini tapsa belə, kəsərli olmayacaq”
# 24 dekabr 2012 13:01 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Asəf Quliyev deyib. A. Quliyev bildirib ki, təmsil olunduğu partiya seçkilərdə Müsavat Partiyasının da iştirak etdiyi geniş koalisiya ilə birgə iştirakın tərəfdarıdır: “Hesab edirəm ki, İctimai Palatada və bu qurumdan kənarda olan partiyalar mövqelərini ən gec may ayına qədər müəyyənləşdirəcək. Vahid namizədin müəyyənləşdirilməsinə start verilməsinə dair məsələdə ortaq fikrə gəlinsə, seçkiyə birgə getmək olar. Bu mümkün olmasa, AXCP-nin digər partiyalarla əməkdaşlığı genişləndirməsində məhdudiyyət yoxdur”.

A. Quliyev qeyd edib ki, vahid namizədin müəyyənləşməsi məsələsi İP çərçivəsində həllini tapsa belə, kəsərli olmayacaq. Bu prosesdə bütün müxalifətin iştirakı vacibdir: “Müsavat Partiyasının, AXCP-nin, o cümlədən İctimai Palatada təmsil olunan digər partiyaların dəstəklədiyi namizəd Azərbaycan müxalifətini və cəmiyyətini əhatə edə bilməz. Son proseslər onu da diktə edir ki, Ziyalılar Forumu, Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqı ilə də əlaqə yaratmadan, onların da məsələyə münasibətini öyrənmədən seçkilərə getmək məqsədəuyğun deyil. Hazırda müzakirələr davam edir və AXCP-nin 2013-cü il strategiyası açıqlanıb. AXCP müxalifətin vahid və ya əsas namizədinin İctimai Palata formatında olmasını istəmir. Düşünürük ki, Azərbaycandakı bütün müxalifət partiyalarının bir araya gəlməsinə nail olaq. Bundan başqa, Ziyalılar Forumu da daxil olmaqla, iqtidara müxalif mövqedə olan bütün vətəndaş cəmiyyəti təşkilatlarının bir masa arxasında oturmasına çalışmalıyıq. Bundan sonra isə müxalifət daxilində yerli və ya beynəlxalq sorğu mərkəzlərinin iştirakı ilə ən şanslı namizədin müəyyənləşməsi məqsədilə seçki keçirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR