Allahşükür Paşazadə Avrasiya İslam Şurasının VIII zirvə toplantısında çıxış edib

 Allahşükür Paşazadə Avrasiya İslam Şurasının VIII zirvə toplantısında çıxış edib
# 21 noyabr 2012 12:21 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Şimali Qafqaz müftiləri – Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri davam edir. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri “Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqü” mövzusunda keçirilən Avrasiya İslam Şurasının VIII zirvə toplantısında çıxış edib.

A. Paşazadə bildirib ki, məhz bu günlərdə - Əfqanıstanda, İraqda, Suriyada, Livanda, Qəzza bölgəsində minlərlə günahsız insanın məhv olduğu, dünyanın terrorizm savaşı və lokal müharibələrlə sarsıldığı bir dönəmdə Avrasiya İslam Şurası özünün sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bir daha bəyan etməlidir. QMİ sədri bütün münaqişəli problemlərin, o cümlədən, Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu və dövlətlərin, hökumətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığının bu konfliktlərin yoluna qoyulmasında müsbət rol oynaya biləcəyini vurğulayıb. A. Paşazadə bu sahədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın beynəlxalq siyasətini bəyənərək təqdir etdiyini söyləyib.

Hazırda Qərbdə müsəlman ümmətinə qarşı aqressiv münasibətin, müsəlman ölkələrində müqəddəs ziyarətgahların bombalanmasının, Cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalmasının, “Quran”ın hərbçilər tərəfindən nişangaha çevrilməsinin, müqəddəs kitabımızın tonqallara atılmasının, İslam Peyğəmbərini təhqir edən bir filmin nümayişinin yaratdığı faciəli fəsadların insanların humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidlərini zəiflətdiyini bildirən A. Paşazadə, belə faktların dinlərarası və millətlərarası dialoqa zərbə vurduğunu, ümumbəşəri sülhün pozulması və ən qorxulusu, dini və milli zəmində qarşıdurma ruhuna yol açdığını xüsusi vurğulayıb.

Şeyxülislam noyabrın 21-də keçirilən toplantıya sədrlik edib.

Zirvə toplantısı noyabrın 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR