Azərbaycan prezidenti Türkiyə parlamentinin sədrini qəbul edib

Azərbaycan prezidenti Türkiyə parlamentinin sədrini qəbul edib
# 26 noyabr 2012 17:40 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 26-da Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ölkəmizə hər gəlişi zamanı paytaxtımızda çox böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. “Azərbaycan bölgənin, Qafqazın parlayan ulduzudur, inşallah bu ulduz həmişə parlamaqda davam edəcək”,- deyən Cəmil Çiçək ölkəmizin gələcək illərdə də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Cəmil Çiçək ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb.

Dünyada gedən proseslərdə Türkiyənin fəal rolunu yüksək qiymətləndirən prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə davam edən uğurlu əməkdaşlıq əlaqələrinin bütün regionun inkişafı üçün böyük əhəmiyyət daşıdığını dedi və bu əməkdaşlığın daha da möhkəmləndirilməsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının önəmini qeyd edib. Parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini qeyd edib. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin gedişi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR