“Media fəaliyyətini tənzimləyən hazırkı normativ hüquqi akt – “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun 1999-cu ildə qəbul olunub. Ötən 22 il ərzində isə bütün sahələrdə, o cümlədən media münasibətləri təbii olaraq köklü dəyişikliyə məruz qalıb və qalmaqdadır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, xüsusilə informasiya proseslərində, informasiyanın axtarılması, əldə edilməsi, emalı, ötürülməsi, yayımı sahəsində artıq klassik ənənələrlə hərəkət etmək mümkün deyil: “Biz bu günə kimi vəziyyətdən qanuna müəyyən əlavə və dəyişikliklər etməklə çıxmağa çalışmışıq. 62 maddəlik qanun qüvvədə olduğu müddətdə 79 dəfə dəyişdirilib. 3 fəsil, 25 maddə ümumiyyətlə bu günə qədər qanundan çıxarılıb, bunlar bir qanun üçün ciddi göstəricilərdir. Nəzərə alsaq ki, bu sahəvi qanundur, yəni cəmiyyətin bir çox fəaliyyət sektorlarını əhatələmir, yalnız media sektorunu tənzimləyir. Bu qədər dəyişiklik qanunun yeni münasibətlər qarşısında aciz qalmasının göstəricisi idi. Demək ki, artıq “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun müasir tələblərə cavab vermir, əlavə və dəyişikliklər isə müasir çağırışlarla uzlaşmaq üçün yetərli deyil. Bu mənada “Media haqqında” qanunun qəbulu zəruri idi”.
B. Məhərrəmov qeyd edib ki, yeni hazırlanan qanunun təkmil olub-olmamasını normativ hüquqi aktın tətbiqi göstərəcək: “Lakin, qanun yaradıcılığı texnikası, normativ hüquqi aktların tələblərinə əməl edilməsi, mümkün kolliziyaların əlavə hüquqi mübahisələrə yol açmaması baxımından düşünürəm ki, ümumən təkmil hesab edilə bilər. Üstəlik, qarşıda ictimai müzakirələri, habelə, layihənin Milli Məclisin iki komitəsində hər birində iki dəfə plenar iclasda isə 3 oxunuşdan keçərək təkmilləşəcəyini də nəzərə almalıyıq. Bu mənada biz “Media haqqında” qanun layihəsinin hazırlanmasına ilk növbədə media islahatlarının tərkib hissəsi və mühüm mərhələsi kimi baxmalıyıq”.
Deputat “Media haqqında” qanun layihəsində bəzi məhdudiyyətlərlə bağlı ictimai müzakirələrə münasibət bildirib: “Məhdudiyyətsiz tənzimləmə mümkün deyil. Hətta, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsində açıq mətnlə bildirilir ki, məlumat və ideyaları almaq və yaymaq azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Yəni, hazırkı layihədə müşahidə olunan, əvvəlki qanunvericiliyə münasibətdə xeyli azaldılmış məhdudiyyət xarakterli yanaşmalar qeyd olunan və qanunvericiliyimizin tərkib hissəsi olan müvafiq beynəlxalq hüquqi aktda müəyyən olunan tələblərin çərçivəsindən çıxmır. Digər tərəfdən, bu qanunla Azərbaycan media tarixində yeni münasibətlərin tənzimlənməsi meylləri hiss edirik. İlk növbədə, dövlət-media münasibətlərində hüquqi mənzərənin daha dəqiqləşməsi ona gətirib çıxarır ki, media strukturları dövlət orqanlarının diskresion səlahiyyətlərindən asılı qalmır. Ortada konkret hüquqi məzmun olur, üstəlik, əksinə, media strukturlarının özü dispozitiv imkanlar qazanır ki, bu da heç şübhəsiz media fəaliyyətinə öz töhfəsini verəcək. Həmçinin, media fəaliyyətində ciddi ehtiyac hesab edilən sağlamlaşdırma tədbirlərini Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunmasının könüllülük prinsipi əsasında həyata keçirilməsi yolu ilə bu qanun yumşaq keçidlə təmin edə biləcək”.