Gələn ildən Binəqədi rayonunda qanunsuz evlərin sənədləşməsi prosesinə başlanacaq

Gələn ildən Binəqədi rayonunda qanunsuz evlərin sənədləşməsi prosesinə başlanacaq
# 22 noyabr 2012 10:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bakının Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) KİV əməkdaşları ilə görüş keçirilib.


APA-nın məlumatına görə, KİV nümayəndələr əvvəlcə rayon ərazisində görülən tikinti-quruculuq işləri, o cümlədən infrastruktur layihələri ilə tanış olublar. Sonra tədbir rayon icra hakimiyyətinin binasında mətbuat nümayəndələri ilə görüşlə davam etdirilib.


RİH başçısının müavini Vüsal İsmayılov bildirib ki, 2011-2013-cü illərdə Binəqədi rayonu üzrə 103 tədbir nəzərdə tutulub. Bunların 11-nin 2011-ci, 26-nın 2012-ci, 65-nin isə 2013-cü ildə keçirilməsi planlaşdırılıb. Artıq Binəqədi qəsəbəsində su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılıb. Son 10 ay ərzində rayonun əksər binalarının üz örtüklərində müasir dizaynlı üzlük materialları ilə pəncərə bloklarının quraşdırılması işləri davam etdirilir. Qəsəbədaxili və məhəllədaxili yolların cari və əsaslı təmir işləri də əsas yerlərdən birini tutur.


V.İsmayılovun sözlərinə görə, icra hakimiyyətində Rayon Təbliğat Qrupu yaradılıb, hesabat dövrü ərzində rayonun inzibati ərazi nümayəndəliklərində, həmçinin rayon sakinlərinin sıx toplaşdıqları yerlərdə Təbliğat Qrupu tərəfindən 37 görüş keçirilib. 2012-ci ilin ilk on ayı ərzində icra hakimiyyəti başçısının Aparatına vətəndaşlardan, ümumilikdə 3511 müraciət daxil olub. Müraciətlərə əsasən tikinti aparılmasına icazə, inşası başa çatmış tikintilərin sənədləşdirilməsi, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, işlə təmin olunma, maddi yardım göstərilməsi, su, işıq, qaz, kanalizasiya, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərlə əlaqədar olub. Binəqədi RİH başçısının Aparatında 1564 vətəndaş qəbul edilib.


V.İsmayılov həmçinin qeyd edib ki, gələn ilin yanvarından qanunsuz evlərin sənədləşməsi prosesinə başlanacaq.


RİH-in sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov qeyd edib ki, rayonda elektron hökumətin yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq bununla bağlı xüsusi komissiya formalaşdırılıb: “Artıq rayonun idarələri arasında elektron sənəd dövriyyəsinə başlanılıb. İkinci mərhələ kimi isə rayonun elektron xəritəsinin hazırlanması prosesinin icrasıdır. Bunun icrası ilə rayonun idarəetməsi asanlaşacaq. Həmçinin rayon təsərrüfatının elektron xəritə ilə nəzarəti də mümkün olacaq”.


E.İmanov RİH-də vətəndaşların videoqəbul məsələsinin reallaşdırılması istiqamətində layihəyə start veriləcəyini söyləyib: “Yəni icra hakimiyyətinə gəlmədən, vətəndaş icra hakimiyyətindəki Aparatın məsul şəxsləri ilə video qəbul həyata keçirə biləcəklər. Vahid telefon məlumat xidməti də istifadəyə veriləcək”.


Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR