Azərbaycan ATƏT XİN Şurasının iclasında Edvard Nalbandyanın ittihamlarını cavablandırıb

Azərbaycan ATƏT XİN Şurasının iclasında Edvard Nalbandyanın ittihamlarını cavablandırıb
# 07 dekabr 2012 14:13 (UTC +04:00)

Dublin. Viktoriya Dementyeva-APA. Azərbaycanın Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT XİN Şurasının iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına cavab verib. APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bütün ölkələrin çıxışları yekunlaşdıqdan sonra Azərbaycan Ermənistan XİN başçısının çıxışına cavab vermək hüququndan istifadə edib.

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, səfir Qalib israfilov təəssüflə bildirib ki, ATƏT növbəti dəfə Ermənistanın Azərbaycana ünvanlanmış ittihamlarına şahid olub: “Təəssüf ki, Edvard Nalbandyan Azərbaycanı ittiham edib, lakin onun çıxışında münaqişənin nizamlanması üçün, Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış gərgin situasiyanı aradan qaldırmaq üçün Ermənistanın hansı addımlar atdığını görmək mümkün deyil. Fikrimizcə, XİN başçısının bəyanatında yeganə maraqlı element Ermənistanın münaqişənin nizamlanmasına dair həmsədrlərin mövqeyini bölüşməsidir. Əgər bu iddia həqiqətdirsə, onda ATƏT-in Minsk Qrupu həmsədrlərinin daim Ermənistan qarşısında irəli sürdüyü tələb bu ölkənin öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasıdır. Əgər Ermənistan bu tələbi yerinə yetirsə, o zaman Ermənistan xarici işlər nazirinin Azərbaycana ünvanlanmış digər iddiaları aradan qalxacaq”.

Səfir bildirib ki, Ermənistan bu addımı nə qədər tez atsa, qarşılıqlı anlayış və dinc əməkdaşlığa bir o qədər tez nail olmaq olar.

Ermənistan nümayəndəsi də iclasda cavab vermək hüququndan istifadə edərək bildirib ki, “Azərbaycanın əlavə cavab hüququndan istifadə etməsində məqsəd Ermənistana qarşı yönəltdiyi ittihamları təkrarlamaqdan ibarət olub, buna görə də Ermənistan tərəfi öz iddialarını təkrarlamaq üçün ikinci dəfə çıxış hüququndan istifadə edir”.

Xatırladaq ki, Edvard Nalbandyan ATƏT XİN Şurasının iclasında çıxışı zamanı Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk Qrupu həmsədrlərinin bütün təkliflərini rədd etməkdə günahlandırıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan iclasda cavab vermək hüququndan istifadə edən yeganə ölkələr olublar.

Hazırda çıxışlar başa çatıb və XİN başçıları ATƏT XİN Şurasının 19-cu iclasının yekun sənədlərini müzakirə etmək üçün məşvərətə gediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR