Adil Qəribov: “Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı qərarın verilməsi siyasi məsələdir”

Adil Qəribov: “Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı qərarın verilməsi siyasi məsələdir”
# 21 noyabr 2012 10:27 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı qərarın verilməsi siyasi məsələdir. Azərbaycan mütəxəssisləri bu reaktoru işlətməyə qadirdir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə bir qərar olarsa, Azərbaycan mütəxəssisləri sərbəst şəkildə tədqiqat nüvə reaktorlarını işə sala, dozimetriyasını apara, təhlükəsizlik standartlarının riayət olunmasına əməl edə bilərlər: “Bu sahədə kadr potensialımız var. Azərbaycan mütəxəssisləri ötən il Ukrayna, Serbiya, Avstriyada tədqiqat-nüvə reaktorları ilə bağlı tədqiqatlar aparıblar”.

A.Qəribov bildirib ki, hazırda rəhbərlik etdiyi institut Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birgə 2 layihə icra edir. Həmin layihələrdən biri “Güclü qamma mənbəli sterilizasiya qurğusunun işə salınması”, digəri isə “Tədqiqat nüvə reaktorunun əsaslandırılması” layihəsidir. Hər iki layihə üzrə bu il ərzində 10-a yaxın mütəxəssis müxtəlif ölkələrdə tədqiqat aparıb. Gələn il isə 30-a yaxın azərbaycanlı mütəxəssis müxtəlif ölkələrin tədqiqat-nüvə reaktorlarında fiziki-kimyəvi şüalandırmalar üzrə tədqiqatlar aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR