Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib
# 21 dekabr 2012 12:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. APA-nın məlumatına görə, dəyişiklik barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Məcəlləyə İMEİ nömrəli mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsini nəzərdə tutan 180-2 və 180-3 maddəsi əlavə olunur.

Dəyişikliyə əsasən mobil operator tərəfindən İMEİ nömrəlİ mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər 2 min manat miqdarında, hüquqi şəxslər 10 min manat miqdarında cərimə edilir.

Nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 min manat miqdarında, hüquqi şəxslər 20 min manat miqdarında cərimə ediləcək.

180-3 maddəsi telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının təmin edilməməsi ilə bağlıdır. Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər 5 min manat miqdarında, hüquqi şəxslər 25 min manat miqdarında cərimə edilir.

Qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR