Nizami Cəfərov: “Azərbaycanda adlar və soyadlar məsələsi hökumətin xüsusi qərarı ilə tənzimlənməlidir”

Nizami Cəfərov: “Azərbaycanda adlar və soyadlar məsələsi hökumətin xüsusi qərarı ilə tənzimlənməlidir”
# 04 dekabr 2012 13:56 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycanda adlar və soyadlar məsələsi Nazirlər Kabinetinin xüsusi qərarı ilə tənzimlənməlidir”. Bu barədə APA-ya Milli Məclisin Mədəniyət Komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, hələlik ölkədə “Adlar və soyadlar haqqında” qanun yoxdur: “Ola bilər ki, gələcəkdə belə bir qanun qəbul edilsin. Nazirlər Kabineti ilk əvvəl adlar və soyadlar haqqında prinsipləri müəyyənləşdirməli, ondan sonra ehtiyac olarsa, qanun qəbul ediləcək”.

N.Cəfərov deyib ki, AMEA tərəfindən soyad sonluqları ilə əlaqədar tövsiyələr verilsə də, bu məsələdə müəyyən mürəkkəbliklər qalmaqdadır: “Adlar və soyadlarla bağlı verilən elmi-mədəni izahlar aydındır. Lakin bu məsələdə hüquqi çətinliklər var. Tutaq ki, kimsə -ov, - yev soyad sonluğundan imtina etmək istəmir, yaxud başqa bir soyad sonluğu təklif edir. Və ya müxtəlif millətlərdən olan ailələrdə soyad sonluğu məsələləri necə tənzimlənəcək, bu sual da açıq qalır. Elə adlar var ki, onlar təhqiramizdir, çoxmərtəbəlidir və ya məzmunları estetik deyil. Biz indi demokratik bir dövrdə yaşayırıq. Kimsə təklif edə bilər ki, uşağımın adını “A”, yaxud ”B” qoyuram. Bu tipli hallar qadağandır. Bütün mədəni xalqlarda istifadəsi məqbul olan adların siyahısı var. Bu o demək deyil ki, siyahı ad qoymağı məhdudlaşdırır. Hazırda bu məsələlərin hüquqi tərəfləri ilə əlaqədar Ədliyyə Nazirliyində təhlillər aparılır. Bu təhlillər başa çatdıqdan sonra Nazirlər Kabinetinin adlar və soyadlara dair prinsiplərinin müəyyənləşəcəyi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR