Azərbaycanda istifadə olunan kompüter proqramlarının 87 faizi qanunsuzdur - YENİLƏNİB

Azərbaycanda istifadə olunan kompüter proqramlarının 87 faizi qanunsuzdur - <span style="color: red;">YENİLƏNİB
# 25 dekabr 2012 13:07 (UTC +04:00)

Bu göstərici IDC beynəlxalq təşkilatının araşdırmalarına əsaslanır. «APA-Economics»in məlumatına görə, bunu «Microsoft-Azerbaijan» şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.

Onun sözlərinə görə, proqram təminatının qeyri-qanuni istifadəsinin kommersiya dəyəri 67 mln. ABŞ dolları təşkil edir. Bu, Azərbaycan iqtisadiyyatına və yerli İT sektoruna zərər vurur, yeni iş yerlərinin açılmasına əngəl törədir, eləcə də hökuməti vergi gəlirlərindən məhrum edir.

Baş menecer bildirib ki, pirat proqram təminatının istifadə edilməsi kompüter istehsalçılarının bütün kateqoriyalarında – fiziki şəxslər, biznes və dövlət qurumlarında müşahidə olunur: «Amma digər istifadəçilərə nisbətən dövlət qurumları arasında bu faiz nisbətən aşağıdır».

Şirkət rəsmisi bildirib ki, dövlət qurumlarının leqal proqram təminatına keçməsi ilə bağlı ölkə rəhbərliyinin göstərişləri nəticəsində getdikcə daha çox dövlət təşkilatı leqal proqram təminatından istifadə etməyə başlayıb.

Bundan başqa, «Microsoft-Azerbaijan» şirkəti dövlət qurumlarının və ayrı-ayrı istehlakçı təbəqələrinin leqal proqram təminatından istifadə etməsi üçün müxtəlif güzəştlər tətbiq edir. Məsələn, çoxsaylı kompüterlər üçün leqal proqram təminatı alan iri şirkətlərin və dövlət qurumlarının əməkdaşları da leqal proqramı güzəştli qiymətlərlə ala bilərlər.

«Evdə işlətmək hüququ – «home use riqht» adlanan bu xidmət həmin təşkilatlarla «enterprise» sazişi bağlamaqla həyata keçirilir. Belə sazişi olan şirkətlərin işçiləri öz şəxsi kompüterləri üçün leqal proqram təminatını da güzəştli qiymətlərlə ala bilərlər. Bir şərtlə ki, təşkilat azı 250 kompüter üçün proqram təminatı almış olsun», - deyə R.Hacıəlibəyov bildirib.

Bundan başqa, leqal proqram təminatının populyarlaşdırılması üçün təhsil müəssisələrinin, cümlədən orta və ali məktəblər, eləcə də muzey və kitabxanalara proqram təminatı «akademik qiymət»lə, yəni 60-90% endirimlə satılır. Üstəlik, bu qurumların əməkdaşları da bu imtiyazlardan istifadə edə bilər və şəxsi istifadə üçün leqal proqram təminatını güzəştlə ala bilərlər. Dövlət qurumlarına isə proqram təminatı «dövlət qiyməti»nə, yəni endirimlə satılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR