Neil Miller: «İslam bankçılığının tətbiqi üçün Azərbaycan bu sahədə marketinqlə məşğul olmalıdır»

Neil Miller: «İslam bankçılığının tətbiqi üçün Azərbaycan bu sahədə marketinqlə məşğul olmalıdır»
# 16 noyabr 2012 10:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son illər ərzində dünya miqyasında İslam bankılığı sürətlə inkişaf edir və İslam maliyyələşməsinin əhatə dairəsi son dövrlərdə xeyli genişlənib. Qlobal maliyyə böhranı dövründə belə İslam bankçılığı zərərsiz işləyib və orta hesabla ildə 10% artıb. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq bank konfransında çıxış edən «KPMG» beynəlxalq audit şirkətinin İslam maliyyələşməsi üzrə qrupunun rəhbəri Neil Miller (Neil Miller) bildirib.

N.Miller qeyd edib ki, hazırda İslam bankçılığının sürətlə inkişaf etdiyi ölkə Malayziyadır və Azərbaycan bu ölkədən bir çox məsələləri öyrənə bilər. Azərbaycanda da son illər ərzində İslam bankçılığına marağın artdığını bildirən N.Miller vurğulayıb ki, ölkə iqtisadiyyatının inkişafı İslam bankçılığının da inkişafına təkan verə bilər. Eyni zamanda, MDB ölkələri arasında Azərbaycan üçün Qazaxıstan bu sahədə nümunəvi ölkə ola bilər: «Həmin ölkədə İslam bankçılığına böyük diqqət yetirilir və bu sahə inkişaf edir. Azərbaycan eyni zamanda İslam sığortasını da tətbiq edə bilər. Ölkədə bu sahəyə dair qanunvericiliyin olmaması İslam bankçılığının inkişafını ləngidir».

Eyni zamanda, qeyri-müsəlman ölkələrində bu sahənin inkişaf etdiyini bildirən N.Miller qeyd edib ki, bu cür dövlətlərdə artıq müvafiq qanunvericilik bazası da mövcuddur. Buna misal olaraq o, Böyük Britaniyanı xatırladıb.


N.Miller həmçinin vurğulayıb ki, son illər ərzində İslam bankçılığında istiqrazın alternativi olan sükuk alətinə maraq artıb və bu alətin ümumi İslam bankçılığında payı artmaqdadır. Ekspert həmçinin bildirib ki, İslam bankçılığının ölkədə inkişaf etdirilməsi vergi qanunvericiliyinin adaptasiyasından da asılıdır və bu, İslam bankçılığının tətbiqi prosesində çətin tərəflərdən biridir.

«Bu istiqamətdə Azərbaycan Malayziya təcrübəsindən yaralana bilər. Azərbaycan bu sahədə yeni alətlər hazırlamalı və marketinqlə məşğul olmalıdır ki, əhali İslam bankçılığının nə olduğunu bilsin», - deyə N.Miller qeyd edib..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR