Bakıda Əmək Müfəttişliklərinin Regional Alyansının dördüncü konfransı keçirilir

Bakıda Əmək Müfəttişliklərinin Regional Alyansının dördüncü konfransı keçirilir
# 20 noyabr 2012 09:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Əmək Müfəttişliklərinin Regional Alyansının dördüncü konfransı başlayıb. APA-nın xəbərinə görə, tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Beynəlxalq tədbir Azərbaycanın Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişliklərinin Regional Alyansına (ƏMRA) sədrliyi ilə əlaqədar keçirilir. “Qloballaşan iqtisadi arenada təhlükəsizlik və sağlam əmək şəraitinin müasir yönümdə təşkili” mövzusunda təşkil olunan beynəlxalq konfrans Avropa İttifaqının Tvininq layihəsi və Dünya Bankının sosial müdafiənin inkişafı layihəsi çərçivəsində baş tutub.

Konfransın açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, Əmək Müfəttişliklərinin Regional Alyansı 2008-ci ildə yaranıb. Onun sözlərinə görə, 2010-cu ildən etibarən Azərbaycan bu alyansa rəhbərlik edir: “Azərbaycanda təhlükəsiz və sağlam əməyin təşkili istiqamətində mühüm işlər görülür. Əməyin mühafizəsi, sağlam əmək şəraitinin yaradılması sahəsində ölkədə həyata keçirilən işlər nəticəsində müsbət nəticələr əldə olunub. İki gün davam edəcək beynəlxalq səviyyəli tədbir region ölkələrində vətəndaşların əmək hüquqlarının təmin edilməsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, sosial tərəfdaşlarla iş sahəsində mövcud vəziyyətin müzakirəsi, onlar arasında təcrübə mübadilələrinin aparılması gələcək fəaliyyətə də öz müsbət təsirlərini göstərəcək”.

Tədbirdə çıxış edən millət vəkili Hadi Rəcəbli son vaxtlarda işçi hüquqlarının təmin olunması, o cümlədən əmək müqavilələrinin bağlanması sahəsində uğurlu nəticələrin əldə olunduğunu deyib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə görülən işləri yüksək qiymətləndirib və istehsalatda işçi hüquqlarının mövcud vəziyyət barədə məlumat verib.

Qeyd edək ki, beynəlxalq tədbir sabah da davam edəcək. İki günlük tədbirin məqsədi region ölkələrində işçilər üçün təhlükəsiz əmək şəraitinin təmin edilməsi kimi aktual məsələnin həllində səylərin gücləndirilməsi, iş yerlərində əmək şəraitinin müəyyən edilən norma və standartlara uyğun təşkili ilə bağlı əmək müfəttişlərinə müvafiq məlumatların verilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR