IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti” mövzusunda panel sessiyası keçirilib.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, panelə AnewZ TV-nin baş redaktorunun müavini Orxan Amaşov moderatorluq edib.
Sessiyada çıxış edən Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan bildirib ki, dezinformasiyaya qarşı mübarizə böyük məsuliyyət tələb edir.
O qeyd edib ki, Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ zamanı da çoxlu sayda dezinformasiya yayılıb.
Yusuf Özhan vurğulayıb ki, peşəkar jurnalistika belə halların qarşısının alınmasında və dezinformasiyanın minimuma endirilməsində mühüm rol oynayır.
O, Kahramanmaraşın bərpasına Azərbaycanın verdiyi dəstəyin hər kəsə məlum olduğunu vurğulayıb: “Azərbaycan hökuməti zəlzələdən sonra qardaşlıq ənənəsinə sadiq qalaraq öz töhfəsini verdi. Jurnalistlər isə yenidənqurma prosesinin işıqlandırılmasında və bu tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasında böyük məsuliyyət daşıyırlar”, – deyə o əlavə edib.
Paneldə çıxış edən AnewZ TV-nin icraçı direktoru Rüfət Həmzəyev bildirib ki, ilk Şuşa Forumu ilə müqayisədə IV Şuşa Qlobal Media Forumunda ciddi dəyişikliklər və irəliləyişlər müşahidə olunur: "Forumun əsas məqsədi həqiqətin qorunmasına töhfə verməkdir".
O qeyd edib ki, yenidənqurma ilk növbədə insan hekayələri ilə bağlıdır və media bu prosesi məsuliyyətlə işıqlandırmalıdır: “Dağıntıların sənədləşdirilməsi ilə yanaşı, dirçəliş prosesi də obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmalıdır. Dağıntılar güclü emosional təsir yaratsa da, yenidənqurma daha mürəkkəb və uzunmüddətli prosesdir. Medianın vəzifəsi bu prosesi düzgün sənədləşdirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdır”.
Panel sessiyası sual-cavabla davam edib.