İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib
# 18 dekabr 2012 12:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən E. Behbudov 2012-ci il ərzində komitəyə 141 müraciətin daxil olduğunu deyib. E. Behbudov bəzi dövlət qurumlarının tənqidə qarşı dözümsüz olduqlarını və komitə ilə əməkdaşlıqdan qaçdıqlarını deyib: “Milli təhlükəsizlik, daxili işlər, səhiyyə, müdafiə, təhsil nazirlikləri ilə sıx əməkdaşlıq edirik. Lakin Ədliyyə Nazirliyi 2010-cu ildən cəzaçəkmə müəssisələrində monitorinq keçirməyə məhdudiyyət qoyub. Hesab edirəm ki, bu düzgün deyil. Çünki qapalı müəssisələrdə baş verənləri ictimaiyyətin bilməsi vacibdir. Bizim istəyimiz nöqsanların aradan qaldırılmasından ibarətdir. Bu gün hamı polisi tənqid edir. Lakin tam məsuliyyətimlə deyirəm ki, monitorinqlər ən şəffaf qaydada polis şöbələrində və idarələrində, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında həyata keçirilir. Çünki heç kimə əvvəlcədən demədən, qəfildən gedib monitorinq keçiririk ”.

E. Behbudov il ərzində daxil olan müraciətlərin çoxunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən, polis əməkdaşlarından, Neft Şirkətindən, Nəqliyyat Departamentinin əməkdaşlarından olduğunu deyib: “Bu il ərzində bizə hərbi hissələrdən 5 müraciət daxil olub. Eyni zamanda 10 qadın, 1 azyaşlı, 2 xarici vətəndaş bizə müraciət edib. İl ərzində daxil olan müraciətlərdən dördü ölüm halları ilə bağlı olub ki, onların da üçü cəzaçəkmə müəssisələrindən, biri isə Xanlar rayonunda yerləşən ruhi əsəb uşaq internat evindən olub”.

E. Behbudov saxlanılan şəxslərə hansı işgəncələrin verilməsi barədə də danışıb. O, bildirib ki, əsasən rezin dəyənəklə ayağın altına zərbələr vurulması geniş yayılıb: “Biz bu cür halları aşkar edən kimi güc strukturlarının rəhbərlərinə müraciət edirik”.

Komitə sədri ötən illə müqayisədə bu il daxil olan müraciətlərin sayının artdığını deyib. O, bildirib ki, ilin yekunları ilə bağlı hazırlanan illik hesabat bütün beynəlxalq təşkilatlara göndəriləcək: “Biz bütün təşkilatlara hesabatımızı göndərəcəyik. Orada da bütün müsbət və mənfi halları qeyd etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR