BSU-da “Azərbaycan və Avropa: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib

BSU-da “Azərbaycan və Avropa: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib
# 07 dekabr 2012 13:56 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Təhsil Nazirliyi dəstəyi ilə Azərbaycan Avropaya inteqrasiyasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və Avropa: problemlər və perspektivlər” mövzusunda X Beynəlxalq Tələbə Elmi-Praktik Konfransı işə başlayıb.

APA-nın məlumatına görə, konfrans BSU-nun rektoru, professor Kamal Abdullanın rəhbərliyi ilə hazırlanmış “Dünyada Azərbaycanşünaslığın təbliği konsepsiyası” çərçivəsində keçirilir.

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbiri açıq elan edən K.Abdulla qonaqları salamlayaraq, iştirakçılara uğurlar arzulayıb. O əlavə edib ki, hazırda Moskva Dövlət Linqvistik, Belarus Dövlət Pedaqoji institutlarında, Poltava İqtisadiyyat və Ticarət Universitetində və bir neçə digər ali məktəbdə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir, Kiyev Milli Linqvistik Universitetində isə hazırlıq işləri tamamlanıb və bu ali məktəbdəki Azərbaycanşünaslıq Mərkəzi bu yaxınlarda açılmalıdır.

Ardınca müxtəlif ölkələrdən gələn və həmin mərkəzlərdə təhsil alan tələbələr çıxış edərək, iştirakçıları Azərbaycan dilində salamlayıblar, ölkəmizdə olmaqdan və konfransda iştirak etməkdən məmnunluq bildiriblər.

Konfrans çərçivəsində Azərbaycan da daxil olmaqla 16 ölkədən 179 tələbə və magistrantın 7 bölmədə elmi məruzələrinin dinlənilməsi nəzərdə tutulur. Konfrans öz işini dekabrın 8-də bitirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR