Milli QHT Forumu Uruqvay parlamentinin nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat yayıb

Milli QHT Forumu Uruqvay parlamentinin nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat yayıb
# 15 noyabr 2012 14:38 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Milli QHT Forumu Uruqvay parlamentinin nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat verib. Forumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, qurum Ermənistanda rəsmi səfərdə olan Uruqvay parlamentinin nümayəndə heyətinin Azərbaycanın məlumatı olmadan İrəvandan Dağlıq Qarabağa getməsini beynəlxalq və ikitərəfli münasibətlərə hörmətsizlik kimi dəyərləndirir, beynəlxalq normalara zidd hesab edir və belə səfərləri qətiyyətlə pisləyir.

Bəyanatda Ermənistanın Azərbaycana təcavüzünə diqqət yönəldilərək, dünya birliyinin bu vəziyyətə adekvat münasibət bildirməməsi təəssüflə qeyd olunub: “İşğalçı Ermənistan hər vəchlə XX əsrdə qəsb yolu ələ keçirdiyi qonşu dövlətin ərazisindəki qanunsuz fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Bu günlərdə Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Orikonun Uruqvay ilə Azərbaycan arasında olan dostluq münasibətlərinə xələl gətirəcək addım ataraq işğal altındakı torpaqlarımıza səfər etməsi və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Ermənistanın yaratmaq istədiyi oyuncaq quruma dəstək nümayiş etdirməsi sıralarında 600 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq bizi və bütövlükdə ölkə ictimaiyyətini ciddi narahat edir. Biz vətəndaş cəmiyyəti koalisiyası olaraq bütün Uruqvay ictimaiyyətini Cənubi Qafqazda baş verən prosesləri yetərincə izləməyə, dövlətlərin ərazi bütövlüyü prinsipini, insan hüquq və azadlıqlarını hər şeydən uca tutaraq baş verən uyğunsuz səfərlə bağlı mövqelərini bildirməyə çağırırıq”.

Bəyanat MQF-nin 600 üzv təşkilatı adından ingilis dilində Uruqvay parlamentinə və ictimaiyyətinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR