“Leyli və Məcnun” operası ilk dəfə ABŞ-da tamaşaya qoyulub

“Leyli və Məcnun” operası ilk dəfə ABŞ-da tamaşaya qoyulub
# 12 noyabr 2012 08:25 (UTC +04:00)

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan APA-ya verilən xəbərə görə, opera San Fransisko Dünya Musiqi Festivalı (San Francisco World Music Festival) çərçivəsində səhnələşdirilib. Bu, «Leyli və Məcnun» operasının ABŞ-da ilk nümayişidir.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri giriş sözü ilə açaraq, «Leyli və Məcnun» operasının tarixi barədə məlumat verib, onun müsəlman dünyasında ilk opera olduğunu və indiyə kimi sevilə-sevilə ifa edildiyini qeyd edib. Sonra diplomat Azərbaycanın xalq artisti, məşhur pianoçu, hazırda San Fransiskoda yaşayan Çingiz Sadıqova San Fransisko Dünya Musiqi Festivalının xüsusi fəxri fərmanını təqdim edib. Fəxri fərman Ç.Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin ABŞ-da və bütün dünyada təbliği sahəsində gördüyü işlərə görə verilib.

Sonra opera tamaşası nümayiş etdirilib. Gənc xanəndələr Vüsalə Musayeva və İlkin Əhmədov Leyli və Məcnun rollarını ifa ediblər. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança) və Rüfət Həsənov (tar), eləcə də Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr xanəndələrimizi müşayiət edib.

Opera tamaşaçıların alqışları ilə qarşılanıb. Tamaşada 500-dək şəxs iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR