Azərbaycanda Antipirat Məsələlər üzrə Komissiya yaradılacaq

Azərbaycanda Antipirat Məsələlər üzrə Komissiya yaradılacaq
# 24 dekabr 2012 13:21 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda Antipirat Məsələləri üzrə Komissiya yaradılacaq. APA-nın xəbərinə görə, bununla əlaqədar Müəllif Hüquqları Agentliyi Azərbaycan (MHA) Nazirlər Kabinetinə təklif verib. Agentlikdən verilən məlumata görə, Avropa İttifaqı və Azərbaycan arasında 2007-ci ildə qəbul olunan fəaliyyət planının müddəalarından biri ölkənin hüquq-mühafizə orqanlarında əqli mülkiyyət sahəsində ixtisaslaşmış bölmələrin və əqli mülkiyyət hüquqları üzrə ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlıdır: “Artıq bununla bağlı müəyyən işlər görülür. Məsələn, agentliyin əqli mülkiyyətə dair keçirdiyi tədbirlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iştirak edirlər. Bununla əlaqədar Avropa ölkələrində fəaliyyət göstərən əqli mülkiyyət sahəsində ixtisaslaşdırılmış məhkəmələrin və hüquq-mühafizə orqanlarının nəzdindəki müvafiq bölmələrin təcrübəsi öyrənilib və Azərbaycanda da bu təcrübədən istifadə olunması üçün müvafiq təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib. Amma həm ixtisaslaşmış bölmələrin yaradılması, həm də ixtisaslaşmış məhkəmələrin fəaliyyətə başlaması prosedur çətinliklərə görə xeyli vaxt aparacaq. Bunu nəzərə alaraq, MHA piratçılıq sahəsində ortaya çıxan problemlərin operativ qaydada həll olunması üçün Antipirat Məsələlər üzrə Komissiyanın yaradılması barədə Nazirlər Kabinetinə təkliflər verib. Bu təklif aidiyyatı dövlət orqanları ilə razılaşdırılıb və yekun varinatı yenidən hökumətə təqdim edilib. Hazırda bu məsələyə baxılır. Bu sahədə beynəlxalq təcrübə də öyrənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR