Yekaterinburqda «Azərbaycan gömrüyü mədəni irsin keşiyində» sərgisi keçirilib

Yekaterinburqda «Azərbaycan gömrüyü mədəni irsin keşiyində» sərgisi keçirilib
# 10 dekabr 2012 15:00 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın Yekaterinburq şəhərində Dövlət Gömrük Komitəsinin (DGK) və Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşkilatçılığı ilə “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərgi keçirilib.

DGK-nın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Sverdlovsk vilayətinin Diyarşünaslıq Muzeyində keçirilən sərginin təntənəli açılış mərasimində Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silin, Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu Sultan Qasımov, Sverdlovsk vilayətinin mədəniyyət naziri Aleksey Badayev, Ural Gömrük İdarəsi rəisinin birinci müavini Vadim Myasnikov, Sverdlovsk vilayəti Diyarşünaslıq Muzeyinin baş direktoru xanım Natalya Vetrova və digər rəsmi şəxslər, eləcə də ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərindən məmnunluqla söhbət açıb, əlaqələrin möhkəmləndirilməsində bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

S.Qasımov iki il öncə dekabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Yekaterinburqa səfəri zamanı məhz Sverdlovsk vilayəti Diyarşünaslıq Muzeyindəki görüşlərini xatırladaraq, Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunan sərginin məhz bugünkü tarixdə və eyni məkanda keçirilməsinin heç də təsadüf olmadığını xüsusi qeyd edib.

Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silin, Ural Gömrük İdarəsi rəisinin birinci müavini Vadim Myasnikov, Diyarşünaslıq Muzeyinin baş direktoru Natalya Vetrova çıxış edərək Azərbaycan gömrük orqanlarının mədəni irsin qorunmasında və təbliğ edilməsində göstərdikləri səyə görə təşəkkürlərini bildirib, sərginin əhəmiyyətini və aktuallığını bildiriblər.

Açılış mərasimində həmçinin DGK-nın “Azərterminalkompleks” Birliyinin direktoru Qambay Əliyev DGK tərəfindən dünyanın müxtəlif ölkələrində təşkil olunmuş belə sərgilər barədə məlumat verərək, Azərbaycanın dərin tarixə, mədəniyyətə malik olması, Azərbaycan xalqının yaradıcı xalq olaraq milli mədəni irsin formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, dünya mədəniyyətinə daim töhfələr verdiyini bildirib. Dünya sivilizasiyasında respublikamızın önəmli rola malik olduğunu qeyd edən nümayəndə heyətinin rəhbəri bu önəmli fəaliyyətdə gömrük orqanlarının da mühüm vəzifələr daşıyaraq, Azərbaycan xalqına və digər dünya xalqlarına məxsus mədəniyyət nümunələrinin müəyyən edilib qeyri-qanuni dövriyyədən çıxarılması və onların xalqa qaytarılması sahəsindəki uğurları barədə danışıb, bu cür fəaliyyət nəticəsində aşkar edilmiş mədəniyyət nümunələrinin kiçik bir hissəsinin bu sərgidə nümayiş etdirildiyini diqqətə çatdırıb.

Rəsmi hissədən sonra Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təşkil olunub.

Daha sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən eksponatlarla tanış olublar. Azərbaycan gömrüyünün tarixini özündə əks etdirən müasir rəsm əsərləri, respublikamızın gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda saxlanılan, milli-mənəvi dəyər kəsb edən əşyalar, o cümlədən Şirvan, Qazax, Təbriz və xüsusilə də Qarabağın qədim xalçaları sərgini ziyarət edənlərin böyük marağına səbəb olub.

Azərbaycan gömrük xidmətinin fəaliyyəti haqqında sənədli filmin də nümayiş etdirildiyi tədbirin sonunda xüsusi ziyafət təşkil olunub və mərasim iştirakçıları milli mətbəximizin nümunələrindən dadıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR