Azərbaycanda ali məktəbin kafedra müdiri plagiatlıqda ittiham olunur - ARAŞDIRMA

Azərbaycanda ali məktəbin kafedra müdiri plagiatlıqda ittiham olunur   - <span style="color: red;">ARAŞDIRMA
# 28 noyabr 2012 06:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bu iddia ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) sabiq dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elmira Alxasova çıxış edib.

E. Axundova APA-ya açıqlamasında bildirib ki, ADMİU-nun “Tətbiqi kulturologiya” kafedrasının müdiri, kulurologiya elmləri doktoru İlqar Hüseynov tərəfindən haqsız olaraq işdən çıxarılıb. İ. Hüseynovun 2 dərsliyinin və bir kitabının plagiat olduğunu deyən E. Alxasova bildirib ki, sözügedən müəllifə məxsus “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərslikləri, həmçinin “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti”adlı kitabı plagiatdır: “İlqar Hüseynovun yazdığı hələlik 3 kitabın plagiat olması faktlar əsasında araşdırılıb, Müəllif Hüquqları Agentliyinə etdiyim müraciət təsdiqini tapıb. Həmin kitabları yoxlanılmaq üçün bu il avqustun 2-də Təhsil Nazirliyinə də göndərmişəm. Müraciətimə 3 ay yarım sonra noyabrın 10-da cavab verilib. Adları çəkilən dərsliklər mərhum fəlsəfə elmləri doktoru, professor Ağayar Şükürovun “Kulturologiya” dərsliyindən köçürülüb. “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti” kitabı isə mərhum alimlər Ağayar Şükürovun “İslam, adət və ənənə”, Ələkbər Məmmədovun “Milli adət və ənənələr” və hazırda həyatda olan Telman Haqverdiyevin “Bədii-kütləvi işin təşkili və metodikası” kitablarından köçürülməklə monoqrafiya halına gəlib çıxıb”.

Müəllif Hüquqları Agentliyi: İlqar Hüseynovun “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərsliklərində böyük plagiat faktları var

Müəllif Hüquqları Agentliyinin (MHA) Hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya açıqlamasında deyib ki, Elmira Alxasovanın İlqar Hüseynovun müəllifi olduğu “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərslikləri, həmçinin “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti” adlı kitabın plagiat olması barədə Agentliyə ünvanladığı 25 may və 31 iyul 2012-ci il tarixili şikayət ərizələrində göstərilən faktlar araşdırılıb və onların bir qismi təsdiq edilib: “Elmira Alxasovanın ərizəsi və göstərdiyi faktlar əsasında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələbləri baxımından müqayisə apardıq. Müqayisə zamanı aydın oldu ki, həqiqətən “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” kitablarında böyük plagiat faktları var. O, Ağayar Şükürov adında müəllifin “Kulturologiya” adlı kitabından demək olar ki, ayrı-ayrı fəsilləri bir-iki sözü cüzi düzəlişlər etməklə öz adı altında çap edib. Doğrudur, kitabın altında istifadə edilən ədəbiyyat siyahısında İlqar Hüseynov müəllifin adını çəkib. Lakin bu kitablarda sitatlardan yox, bütövlükdə köçürmədən söhbət gedir. Ağayar Şükürovun “Kulturologiya” kitabından ayrı-ayrı bölmələr, abzaslar, cümlələr olduğu kimi İlqar Hüseynovun kitabında təkrar olunub. Özü də sitat şəklində yox, İlqar Hüseynova məxsus yaradıcılığın nəticəsi kimi. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 19-cu maddəsinə görə, əsərdən müəyyən sitat şəklində istifadə etməyə icazə verilir, müəllifin razılığı tələb olunmur, amma həmin sitatın götürüldüyü mənbənin və müəllifin adı mütləq göstərilməlidir. İlqar Hüseynov isə bu tələbə əməl etməyib. Bu kitablarda həqiqətən də çox ciddi plagiat faktlarına yol verilib”.

MHA rəsmisi deyib ki, İ. Hüseynovun “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti” adlı kitabında isə plagiat faktlarına qismən yol verilib: “Hazırda bununla bağlı araşdırmalar davam etdirilir. Hesab edirik ki, bununla əlaqədar bəzi məsələlərin araşdırılmasına ciddi ehtiyac var. Bu kitabların plagiat olması faktı artıq təsdiqlənib. Ona görə də İlqar Hüseynovun adı altında həmin kitablar dərslik kimi qəbul olunmamalı, yığışdırılmalıdır. Qanunun tələblərinə uyğun olaraq, həmin kitablara dərslik qrifi verilibsə, onun dərslik kimi tədrisinin dayandırılması ilə bağlı Təhsil Nazirliyi və Universitetin rəhbərliyi tədbir görməlidir. Agengliyin mövqeyi həmin ali təhsil ocağının rəhbərliyinə bildirilib. Agentlik tətəfindən bu araşdırmalar davam edir, araşdırmalar başa çatandan sonra onun yekunu ilə bağlı rəsmi rəy Təhsil Nazirliyinə də göndəriləcək”.

Təhsil Nazirliyi plagiat əsərə müsbət rəy verib

Qeyd edək ki, E. Alxasovanın İ. Hüseynovun adıçəkilən kitablarının plagiat olması ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı müraciətə nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı cavab verib. Onun cavab məktubunda E. Alxasovanın müraciətinə Nazirliyin Elmi-Metodiki Şurasının “İncəsənət” bölməsində bu ilin oktyabrın 5-də baxıldığı qeyd edilib. Cavab məktubuna həmin bölmənin iclasının protokolu da əlavə edilib. Protokolda qeyd edilib ki, İ. Hüseynovun “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərslikləri bu aktual elm sahəsi üzrə Azərbaycan dilində yazılan ədəbiyyata tələbatdan irəli gələrək, bu sahədəki boşluğu qismən də olsa doldurub: “Bir sıra kitab və dərsliyin müəllifi olan İ. Hüseynov kulturologiya sahəsində uzun illərdən bəri çalışan mütəxəssislərdən biridir. Dərslik və dərs vəsaitlərində elmdə artıq oturuşmuş fikir və müddəalara istinad edilir. Bu baxımdan göstərilən kitablar istisna təşkil etmir. Belə ki, müəllif bu sahədə ilk dərsliklərdən biri olan A. Şükürovun “Kulturologiya” əsərini hər iki kitabın ədəbiyyat siyahısına daxil edib və onlardan çoxsaylı sitatlar gətirib. Bununla da, İ. Hüseynov vaxtilə özünün elmi rəhbəri olmuş A. Şükürovun elmi ənənələrini davam etdirib. Eyni zamanda İ. Hüseynovun müəllifi olduğu dərsliklər həcm etibarilə, müasir elmi bilikləri və nailiyyətləri əhatə etmək baxımından mərhum professorun əsərini üstələyir. Bununla belə, İ. Hüseynovun kitablarının və A. Şükürovun dərsliyinin müqayisəsi belə bir fikir yürütməyə imkan verir ki, ayrı-ayrı məqamlarda irəli sürülən müddəalar arasında cüzi də olsa, bənzərlik nəzərə çarpır”.

İclasın qərarına əsasən isə, İ. Hüseynovun dərsliklərinin təkrar nəşrində həmin müddəaların sitat kimi verilməsi məqsədəuyğun hesab edilib.

MHA-nın şöbə müdiri Xudayat Həsənli Agentliyin plagiat hesab etdiyi əsərə nazirlik tərəfindən müsbət rəy verilməsi faktına da münasibət bildirib: “Elmira Alxasovanın məktubunda göstərilən plagiat faktları qanunun tələbləri baxımından ciddi araşdırılsaydı, belə bir protokol qəbul olunmazdı. Hesab edirəm ki, bu protokoldan Təhsil Nazirliyinin rəhbərliyinin xəbəri yoxdur. Əks halda, onlar bu cür cavab yazılmasına icazə verməzdilər. Bu kitablar birmənalı olaraq plagiatdır, yəni elmi oğurluqdur. Təhsil Nazirliyinin rəyində göstərilir ki, guya bu əsər boşluğu doldurub. Əgər İlqar Hüseynovun əsəri Ağayar Şükürovun kitabını təkrar eləyirsə, hansı boşluğu doldurmaqdan söhbət gedir? İlqar Hüseynov plagiat faktını ört-basdır eləməyə cəhd etməkdənsə, o dərslikləri yenidən işləsin. O dərsliklərə elə titullu adamlar rəy veriblər ki... Onlar faktiki olaraq bu plagiatı rəsmiləşdiriblər”.

X. Həsənli deyib ki, MHA bu məsələyə aydınlıq gətirilməsi üçün A. Şükürovun oğlunu Agentliyə dəvət edib: “O bildirdi ki, vərəsə kimi atasının elmi kitablarından istifadəyə icazə verib. Mən bilmirəm Ağayar Şükürovun vərəsəsi ümumilikdə neçə nəfərdir. Əsərlərdən istifadə ümumilikdə əmlak hüquqları ilə bağlıdır. Bunun üçün vərəsələrdən hamısının icazəsi tələb olunur. Hələ bilmək olmaz ki, o, məhz əqli mülkiyyətlə əlaqədar Ağayar Şükürovun vərəsəsidir. Çünki bu məsələ hüquqi cəhətdən aydınlaşdırılmalıdır. Ola bilsin ki, Ağayar Şükürov özünün əqli mülkiyyətini başqa bir adama və ya başqa vərəsəsinə vəsiyyət eləyib. Məsələnin əsas məqamısa ondan ibarətdir ki, burada Ağayar Şükürovun müəllif kimi şəxsi hüquqları pozulib. Yəni ona məxsus əsər başqasının adı altında nəşr olunub. Buna isə Ağayar Şükürovun heç bir vərəsəsinin icazə verməyə haqqı yoxdur”.

Təhsil Nazirliyi: MHA-dan İlqar Hüseynovun dərsliklərinin plagiat olması ilə bağlı rəsmi məktub daxil olsa, onlara verilən qrif ləğv oluna bilər

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə APA-ya bildirib ki, nazirlik həmin dərsliklərin plagiat olub-olmadığını əvvəldən bilə bilməz: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən rektorun imzası ilə Təhsil Nazirliyinə bu dərsliklərə qrif verilməsi üçün müraciət olunub. Biz də həmin dərslikləri nazirliyin Elmi-Metodiki Şurasının müvafiq bölməsinə təqdim etmişik. Həmin bölmənin müsbət rəyi əsasında bu dərsliklərə qrif verilib. Nazirlik tərəfindən “Qədim dünya mədəniyyəti” dərsliyinə qrif 29.11.2009-cu ildə, “Kulturologiya tarixi”dərsliyinə qrif isə 17.01.2012-ci ildə verilib”.

F. Şahbazlə deyib ki, MHA-nın rəsmi məktubu Təhsil Nazirliyində olmadığına görə, nazirlik sözügedən dərsliklərlə bağlı qəti qərar verə bilmir: “Bu dərsliklərin plagiat olması barədə qərar əlimizdə olsa, həmin dərsliklərə verilən qrifləri ləğv edə bilərik. Tədbirlər bununla bitməz. Elmi-Metodiki Şuranın müvafiq bölməsində tədbirlər görülər. Mən İlqar Hüseynovla ciddi danışmışam. Amma onunla rəsmi mənbə olmadan danışmışam. Agentliyin qərarı daxil olandan sonra isə biz rəsmi addım atacağıq”.

ADMİU-nun “Tətbiqi kulturologiya” kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Hüseynov isə APA-ya açıqlamasında kitabları ilə bağlı deyilənləri onu ləkələməyə yönələn addım kimi qiymətləndirib: “Elmira Alxasova indiyə qədər niyə demirdi ki, bu kitablar plagiatdır? İşdən çıxarılan kimi bunu deməyə başladı. Bunlar dərslik və dərs vəsaitləridir, elmi tədqiqat işləri deyil. Dərslik və dərs vəsaitlərində kifayət qədər istənilən mənbədən istifadə etmək olar. Müxtəlif dərsliklərdən istifadə etmək bizim borcumuzdur. Ədəbiyyat siyahısında da bu müəlliflərin adı verilib. Mən bu kitabları balalarımız üçün, xalqımız üçün yazmışam. Azərbaycanda kulturologiya sahəsində dərslik yazmaq çox ağır işdir. Bir növ bu dərslikləri yoxdan var eləmişəm. Mənə qarşı bu kampaniyanın arxasında başqa qüvvələr dayanır. Bu, sifarişdir. Mən dərslik yazmışam, mənim ayrı nə günahım var? Mən dərslikləri ərsəyə gətirməkdən ötrü müxtəlif sanballı ədəbiiyyatlardan istifadə etməliyəm, bunu da etmişəm. Ağayar Şükürov mənim elmi rəhbərim, rəyçim, ağsaqqalım olub, 20 il onunla çörək kəsmişəm. Mən onun kitablarından istifadə etməyə borcluyam. Burda nə problem var ki, məni belə ləkələməyə çalışırlar?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR