Bakıda VIII “START” Gənclərin Beynəlxalq Film Festivalının açılışı keçirilib

Bakıda VIII “START” Gənclərin Beynəlxalq Film Festivalının açılışı keçirilib
# 28 noyabr 2012 15:57 (UTC +04:00)

Bakı. Aynur Qəniyeva - APA. Azərbaycan Kinematoqrafçılar İttifaqı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə VIII “START” Gənclərin Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, festivalda həm yerli, həm də 20-dən artıq xarici ölkənin nümayəndəsi olan rejissorlar öz müəllifi olduğu qısametrajlı filmlərlə iştirak edir. Festival Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin xatirəsinə həsr olunub.

Müsabiqəyə təqdim olunan yerli filmləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, rejissorlar Elxan Cəfərov, İlqar Safat, jurnalist-ekspertlər İlhamiyyə Rza və Tural Əliyev dəyərləndirəcək. Xarici filmləri dəyərləndirən münsiflər heyətinə isə İrandan Təhminə Milani, Polşadan Culia Kolberger, Rusiyadan Yelena Yatsura daxildir.


Tədbirdə çıxış edən Şəfiqə Məmmədova bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı hazırkı fəaliyyətini gənclərin kino sahəsində inkişafına yönəldib: “Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qarşıdakı aylarda Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinossenaristlər üçün ssenari müsabiqəsi elan edəcək”.

Ş. Məmmədova qeyd edib ki, bütün səylər kinonun gəncləşməsi və dünya miqyasına çıxmasına yönəlib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu festival artıq ənənəyə çevrilib: “Azərbaycanda 20-dən artıq xarici ölkə rejissorunun təmsil olunduğu beynəlxalq film festivalının keçirilməsi ölkəmizin kino sahəsi üçün çox əlamətdar hadisədir”.

Rejissor Elxan Cəfərov isə deyib ki, gənclər üçün nəzərdə tutulan bu film festivalı kino sahəsinin inkişafında mühüm əhəmiyyətə malikdir: “Belə beynəlxalq film festivalının ölkəmizdə keçirilməsi gənc rejissorlar arasında ideya mübadiləsini, eyni zamanda kinomuzun inkişafını stimullaşdırır”.

İranlı rejissor Təhminə Milani Azərbaycanda olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini, Bakını öz evi qədər çox sevdiyini söyləyib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR