Jurnalistlər “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində müayinədən keçirilib

Jurnalistlər “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində müayinədən keçirilib
# 18 dekabr 2012 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan mətbuatının bir qrup nümayəndəsi “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində müayinədən keçirilib. APA-nın xəbərinə görə, 3 saylı şəhər poliklinikasında aparılan müayinələrdə bir sıra mətbuat orqanlarını təmsil edən 30-a yaxın jurnalist iştirak edib. Tədbir çərçivəsində jurnalistlərin terapevt, cərrah, nevropatoloq, pediatr, infeksionist, mama-ginekoloq, oftalmoloq və s. mütəxəssisləri tərəfindən müayinə olunub, o cümlədən laboratoriya analizləri verib, ultrasəs, elektrokardioqrafiya müayinələrindən keçiblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, bu tədbiri təşkil etməkdə məqsəd hər zaman insanlara müxtəlif məlumatları çatdıran media nümayəndələrinin sağlamlığının qorunması və ola biləcək problemlərin vaxtından əvvəl qarşısını almaqdan ibarətdir. Onun sözlərinə görə, dekabrın 1-dən etibarən başlayan və “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində nəinki jurnalistlər, bütün insanlar müayinələrdən keçə bilər: “İnsanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçirilən aylıq ölkənin bütün regionlarında təşkil olunur. Əslində bu aylığı təşkil edəndə bu qədər insanın müayinələrə cəlb ediləcəyini gözləmirdik. Amma bu günlər ərzində aparılan araşdırmalar göstərir ki, insanlar həqiqətən öz sağlamlıqlarını düşünərək müayinələrə qatılıblar”.

Qeyd edək ki, “Sağlam həyat uğrunda” devizi altında sağlamlıq aylığı çərçivəsində bu günə kimi 987885 nəfər müayinə olunub. Müayinə olunanlardan 212485 nəfəri kişi, 278458 nəfəri qadın, 490933 nəfər isə uşaq olub. Müayinə olunan 987885 nəfərin 226821-i Bakı şəhəri, 761064 nəfəri isə rayonlar üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR