Azərbaycan Hesablama Palatası neft gəlirlərinin dövlət büdcəsi vasitəsilə xərclənməsini dəstəkləyir

Azərbaycan Hesablama Palatası neft gəlirlərinin dövlət büdcəsi vasitəsilə xərclənməsini dəstəkləyir
# 13 noyabr 2012 12:20 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Hesablama Palatası (AHP) gələn il Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin artırılmasını və büdcə gəlirlərinin formalaşmasında ARDNF-in vəsaitlərindən geniş istifadəni dəstəkləyir. «APA-Economics»in məlumatına görə, bunu AHP-nin sədri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın valyuta ehtiyatları 2 illik büdcənin həcminə yaxınlaşır və onların özü də optimallaşdırılmalıdır. Çünki hazırda əsas problem vəsaitdən gəlir əldə etmək yox, onu qoruyub saxlamaqdır. «Ona görə də, son illər yığım praktikası deyil, ehtiyatların infrastruktur layihələrinə yönəldilməsi tətbiq edilir. Belə layihələrə ehtiyac varsa, onların maliyyələşdirilməsi vəsaitlərin aşağı faizlərlə yerləşdirmədən qat-qat üstündür», - deyə H.Əsədov bildirib.

Palata sədri qeyd edib ki, Azərbaycan vəsaitlərini ən etibarlı, reytinqli şirkətlərdə saxlayır, amma təcrübə göstər ki, hətta belə şirkətlərin də müflisləşmə ehtimalı mövcuddur: «Buna görə də Hesablama Palatası Neft Fondundan büdcəyə transfertlərin artımını dəstəkləyir və bu vəsaitlərlə sahibkarlığı dəstəkləməklə və indi büdcədən maliyyələşən təşkilatların bir hissəsini özəl sektora keçirməklə daha böyük fayda götürmək olar».

Hesablama Palatasının başçısı həmçinin diqqətə çatdırıb ki, gələn il Azərbaycanda Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 150 mln. manatın ayrılması nəzərdə tutulur. Bunun nəticəsində 2013-cü ildə Fondun məcmu kredit portfeli 920 mln. manata çatacaq. Bununla yanaşı, büdcədən İpoteka Fonduna 40 mln. manat ayrılacaq və bununla da güzəştli ipoteka kreditləşməsinin ümumi həcmi 400 mln. manata çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR