Yeşim Ağaoğlu: “Nənəmin bədəni İstanbulda, ruhu Qarabağda idi” - FOTO

Yeşim Ağaoğlu: “Nənəmin bədəni İstanbulda, ruhu Qarabağda idi” - <span style="color: red;">FOTO
# 19 dekabr 2012 07:17 (UTC +04:00)

İstanbul. Mais Əlizadə - APA. Dünya miqrasiya günü münasibətilə Türkiyənin tanınmış ailələrindən olan Ağaoğlu ailəsinə mənsub şair-sənətçi Yeşim Ağaoğlu İstanbulda tədbir keçirib. APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türkiyəyə Qafqazdan, Balkanlardan, Krımdan, Yunanıstandan gələn keçmiş miqrantların qarşısında çıxış edən Yeşim Ağaoğlu ata tərəfindən nəslinin Azərbaycandan gəldiyini və buna görə də uşaqlıqdan köç məsələləriylə yaxından maraqlandığını, həm şeirlərində, həm də Türkiyədə və Avropada iştirak etdiyi sərgilərdə bu mövzunu ön plana çıxardığını bildirib: “Atamın əsli Şuşanın Ağaoğlu ailəsindəndir, mən bu soyadı daşımağımla qürur duyuram. Atamın anası vəfat edənə qədər Qarabağ ləhcəsində danışırdı, mən uşaq ağlımla ona İstanbul ləhcəsini öyrətmək istəyirdim, ancaq köç məsələləri ilə yaxından məşğul olmağa başlayandan sonra nənəmi çox yaxşı anladım. Onun bədəni İstanbulda, ruhu isə Qarabağda idi. Atam İstanbula 14 yaşında gəlib, Azərbaycandan çıxarkən onlara sadəcə bəzi kitabları, plastinkaları və Qarabağdan gətirilmiş torpağı özləriylə götürməyə icazə veriblər. Nənəm illər keçdikcə saralan və quruyan o torpağa baxaraq həm daha dərin nisgil yaşayırdı, həm də dibçəkdəki o torpaq nənəmə həyat verirdi. İndi Şuşa və Qarabağın bir qismi işğal altındadır. Mənə doğma olan o torpaqların işğal altında olmasından doğan acı əsərlərimin ruhunda həmişə öz əksini tapır. Dünya miqrasiya günündə bu tədbiri keçirməyimin səbəblərindən biri də insanların öz doğma torpaqlarından məcburi şəkildə didərgin salınmasına etiraz etməkdir”.

İki dəfə Bakıya gedərək sərgilərdə iştirak etdiyini bildirən Yeşim Ağaoğlu yaradıcılığının bundan sonrakı mərhələsində Azərbaycanla əlaqələri daha da gücləndirmək istədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR