Misir vəqflər nazirinin müavini: “Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi tələbini icra etmir”

Misir vəqflər nazirinin müavini: “Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi tələbini icra etmir”
# 20 dekabr 2012 12:54 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və işğal edilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunsa da, nədənsə Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi tələbini icra etmir”. Bu açıqlamanı APA-ya Misirin vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd verib.

O bildirib ki, bu ədalətsizliklərin qarşısını almaq üçün İslam ölkələrinin bir mövqedən çıxış etməsinə və beynəlxalq təşkilatlar qarşısında sərt şəkildə məsələ qaldırmasına ehtiyac var: “Ərəb ölkələrinin bir çoxu, o cümlədən “Ərəb baharı” baş vermiş ölkələr əməkdaşlığın səmərəli olmasının tərəfdarıdır. Problemlərimizi həll etmək üçün beynəlxalq tədbirlərdə bir-birimizin mövqeyini gerçəkdən dəstəkləməliyik”.


Nazir müavini Azərbaycandakı dini tolerantlıqdan razılığını da ifadə edib: “Azərbaycanda real dini tolerantlığın şahidiyəm. Bu, sadəcə sözdə deyil. Dediklərim Azərbaycanın bu günü ilə bağlı da deyil. Tarixən bu torpaqlarda dini tolerantlıq hökm sürüb. Azərbaycan dövləti də bu tarixi ənənələrə söykənərək həmin işi davam etdirir. Ölkənizdə dini icmalar arasında əməkdaşlığın mövcudluğu da çox təqdirəlayiq haldır. Fürsətdən istifadə edərək səfərim zamanı bu dini tolerantlığın təməl prinsiplərini öyrənməyə çalışacağam”.


O qeyd edib ki, Azərbaycanda dinlərarası düşmənçilik də yoxdur: “Azərbaycan əhalisinin böyük hissəsinin müsəlman olmasına baxmayaraq, digər dinlərin nümayəndələrinə də hörmətin mövcudluğunu görürəm. Bir çox ölkələrdə bu vəziyyət mövcud deyil. Həmin ölkələrdə belə qərəz olduğu halda, beynəlxalq təşkilatlar bunun üstündən rahat şəkildə keçir və hətta faktı inkar edirlər. Ən böyük ədalətsizlik isə həmin dövlətlərin tolerantlıqdan danışmasıdır. Bu nə əqli, nə də əxlaqi baxımdan düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR