Gürcüstan parlamentinin üzvü: “Yeni hakimiyyət Azərbaycan-Gürcüstan dostluq əlaqələrini daha da möhkəmlətməyə çalışacaq”

Gürcüstan parlamentinin üzvü: “Yeni hakimiyyət Azərbaycan-Gürcüstan dostluq əlaqələrini daha da möhkəmlətməyə çalışacaq”
# 10 dekabr 2012 08:17 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin deputatı Georgi Tsaqareişvili Azərbaycan-Gürcüstan münasibətlərinin daha möhkəm tellərə bağlandığını və bu dostluğun əsrlərcə davam etdiyini və bu tarixi dostluğu gələcək nəsillərə ötürməyin vacib olduğunu bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, deputat qeyd edib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Biz çox yaxın xalqlarıq. Bizi çox şey birləşdirir və demək olar ki, bizi heç nə ayırmır. Bu, birmənalı şəkildə belədir. Gürcüstanda azərbaycanlılar yaşayır, Azərbaycanda da gürcülər yaşayır. Bizim regionda və dünyada maraqlarımız eynidir və üst-üstə düşür. Biz birlikdə addımlamalıyıq. Bu, vacibdir. Bizə olan təhlükə də eynidir. Məsələn, götürək separatizmi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda isə Abxaziya və Cənubi Osetiya problemi var. Biz birlikdə çalışıb bu məsələləri tənzimləməliyik. Çalışmaq, çalışmaq və yenə də çalışmaq lazımdır.”

Parlament deputatı Gürcüstandan keçən irimiqyaslı layihələrin Azərbaycan və Gürcüstan dövlətlərinin münasibətlərinə böyük bir töhfə verdiyini qeyd edib: “Azərbaycandan başlayıb Gürcüstan vasitəsilə Türkiyəyə keçən boru kəmərləri ilə Avropaya nəql edilən qaz və neft məhsulları bizim münasibətlərimizə böyük töhfədir. Lakin illər keçəcək, ola bilər ki, qaz da, neft də olmayacaq, amma azərbaycanlılar və gürcülər Cənubi Qafqazda əsrlərlə birlikdə yaşamalıyıq. Çünki biz bir-birimizi çox yaxşı tanımışıq, yaxın və mehriban qonşu və dostlarıq. Fikirləşirəm ki, bizim yeni hakimiyyət Azərbaycan-Gürcüstan dostluq əlaqələrini daha da möhkəmlətməyə çalışacaq. Tezliklə bizim baş nazir Bidzina İvanişvili Bakıya rəsmi səfər edəcək, yüksək dairələrdə onun görüşləri olacaq, baş nazir və Azərbaycan prezidenti ilə ikitərəfli görüşlər keçiriləcək, daha mehriban münasibətlər yaranacaq. Biz qonşularla müharibə istəmirik, yeni düşmənlər bizə lazım deyil. Gürcüstan hamı ilə dostluq münasibətlərini inkişaf etdirməlidir. Gürcüstan üçün başqa alternativ yol yoxdur. Biz ətrafında çox münaqişələr olan ağır regionda yaşayırıq. Hərbi yolla hər şeyi həll etmək mümkün deyil. Biz bunu 3 il bundan əvvəl gördük. Saakaşvilinin avantürası nəticəsində tanınmamış hansısa respublikalar əmələ gəldi. Onların yeni prezidentləri və yeni hakimiyyətləri də oldu. Belə hərəkət etmək olmaz”.

Gürcü diplomatı Azərbaycanın münaqişələrin həlli çərçivəsində apardığı siyasəti bəyəndiyini bildirib: “Lakin indi Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində apardığı siyasət çox böyük diplomatik yanaşmadır. O, müdrik insandır və bilir ki, hərbi yolla problemləri həll etmək olmaz. Bu münaqişləri birmənalı olaraq sülh yolu ilə tənzimləmək lazımdır. Mən bu siyasəti bəyənirəm. Azərbaycanın və Gürcüstanın da belə ağrılı məsələləri var. Uzun illər davam edən bu münaqişələr mütləq həll olunmalıdır. Lakin buna zaman lazımdır. Zaman yaraları müalicə edir. Biz hər şeyi tez eləmək istəyirik. Tarix üçün 10-20 il heç nədir, amma bizim üçün bütün ömürdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR