“Ermənistanın qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmağa siyasi iradəsinin olmamasını kompromisə hazırlıq adlandırmaq olmaz”

 “Ermənistanın qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmağa siyasi iradəsinin olmamasını kompromisə hazırlıq adlandırmaq olmaz”
# 13 noyabr 2012 08:06 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyan “The Wall Street Journal”a müsahibəsində erməni tərəfinin kompromisə getməyə və Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olduğunu bəyan edib: “Doğrudan da, vəziyyət gərgindir, lakin biz heç vaxt düşmənçilik bəyanatları ilə çıxış etməmişik. Həll yolunun danışıqlar vasitəsilə tapılması zəruridir. Hərbi əməliyyatların başlanması qəbuledilməzdir, çünki bu, Dağlıq Qarabağın, Ermənistanın ziyanına olacaq, amma bundan daha çox Azərbaycan xalqı zərər çəkəcək”.

Elman Abdullayev açıqlamasında Ermənistan prezidentinin fikirlərini şərh edib: “Maraqlıdır, regionda vəziyyət kimin ucbatından gərginləşib? Rəsmi Ermənistanın militarist siyasəti nəticəsində qanlı etnik təmizləmələr aparılıb, bir milyon insan öz tarixi yaşayış yerlərindən qovulublar”.

Onun sözlərinə görə, Ermənistanda dözülməz iqtisadi vəziyyət çoxlu sayda vətəndaşı başqa ölkələrə mühacirət etməyə məcbur edib. Diplomatın fikrincə, rəsmi Ermənistanın məsələyə yanaşması ölkənin bütün regional proseslərdən təcrid olması ilə nəticələnib: “Belə olan təqdirdə sual yaranır: Gərgin situasiyanı kim yaradır? Ümumiyyətlə rəsmi İrəvan nəyə nail olmaq istəyir – regionun gələcəyinə və öz xalqına zərər vurmağa?”

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərində marionet rejimin yaradılması, bu ərazilərdə süni yolla məskunlaşma aparmaq cəhdləri vəziyyətdən çıxış yolu deyil: “Doğrudanmı öz ambisiyaları, milliyyətçi yanaşma naminə regiona və insanlara layiq olmadıqları zərəri vurmaq lazımdır? İşğalın davam etməsini və Ermənistan hakimiyyətinin öz qoşunlarını işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarmağa siyasi iradəsinin olmamasını kompromisə hazırlıq adlandırmaq olmaz. Bəs biz status-kvonun qorunub saxlanması cəhdləri dedikdə nəyi nəzərdə tuturuq? Bu, işğal faktının qorunub saxlanması cəhdləri deyil?”

Elman Abdullayev bildirib ki, Azərbaycan mövcud status-kvonun dəyişməsində hamıdan çox maraqlıdır: “Biz tam şəkildə anlayırıq ki, mövcud gərgin situasiyanı dəyişmədən region heç vaxt tam şəkildə inkişaf edə bilməz və bundan Cənubi Qafqaz xalqları əziyyət çəkəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR