Bu ildən “Junior Eurovision”un münsiflər heyəti uşaqlardan ibarət olacaq

Bu ildən “Junior Eurovision”un münsiflər heyəti uşaqlardan ibarət olacaq
# 30 noyabr 2012 14:34 (UTC +04:00)

Amsterdam. Ülkər Rəşidqızı - APA. Dekabrın 1-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək “Junior Eurovision”un qaydalarında dəyişiklik edilib.

APA-nın Amsterdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu bu gün müsabiqənin təşkilat komitəsinin keçirdiyi mətbuat konfransında “Junior Eurovision”un icraçı rəhbəri Sietse Bakker deyib.

O bildirib ki, bu il müsabiqənin münsiflər heyəti 12 iştirakçı ölkənin uşaqlarından ibarət formalaşdırılıb: “Bu münsiflər heyətində yalnız iştirakçı ölkələrdən yığılmış uşaqlar təmsil olunur. İlk əvvəl məhz bu uşaqlardan ibarət münsiflər heyəti səs verəcək, onların səsi hesablandıqdan sonra tamaşaçıların səsverməsi keçiriləcək. Onu da bildirmək yerinə düşər ki, sabahkı şou 13 ölkədə nümayiş olunacaq. Bunlar 12 iştirakçı ölkə və Avstraliyadır”.

Bu il əsas yenilik münsiflər heyətinin məhz uşaqlardan ibarət olması və bu ildən etibarən Avstraliyada yayımlanmasıdır. S.Bakker deyib ki, bu müsabiqəyə ev sahibliyini qalib ölkənin etməsi həmin ölkənin büdcəsindən asılıdır: “Biz hazırda bu müsabiqəyə ev sahibliyi edəcək bir neçə ölkə ilə danışıqlar aparırıq. Növbəti ilin ilk ayında biz artıq “Junior Eurovision-2013”ə ev sahibi edəcək ölkənin adını açıqlayacağıq”.

Mətbuat konfransında o da məlum olub ki, 2010-cu ildən bu şouya rəhbərlik edən Sietse Bakker bu vəzifədən gedir: “Mən eyni zamanda “Eurovision Song Contest”in icraçı prodüseri vəzifəsini icra edirəm. Bu baxımdan mən o şounun təşkilati işlərindən kənarda qaldığımı hiss etdim. Belə qərara gəldik ki, növbəti ildən etibarən «Junior Eurovision»a yeni rəhbər təyin edilsin. Vlad Yakovlev işi öz öhdəsinə götürüb və o, bu gün burdadır”.

Şounun icraçı prodüseri Ronald Kok, bildirib ki, “Junior Eurovision 2012”nin iki aparıcısı olacaq. Bu aparıcılardan biri 2007-ci ildə də “Junior Eurovision”da aparıcılıq missiyasını həyata keçirib. Şounun “Buzu sındıraq” şüarına uyğun olaraq səhnədə məhz buzlardan istifadə olunacaq. Səhnədə buz kraliçası, buz insanlar olacaq. Şounun girişi bu il X dəfə keçirilən “Junior Eurovision”un tarixini əks etdirən 2003-cü ildən bu yana kimi 5 dəqiqəlik videomaterialın nümayişi ilə başlayacaq. Daha sonra geri sayımla artıq şouya başlanacaq: “Şouda tamaşaçılar üçün nəzərdə tutulan zalda əsas yerlər ayaq üstədir. Bu il mahnıların əksəriyyəti ritmikdir və düşünürük ki, şou çox maraqlı, yaddaqalan keçəcək”.

“Junior Eurovision”un tərəfdaşı olan Uşaq Hüquqları Qorunması Mərkəzinin sədri bu yarışmanın əhəmiyyətindən, tamaşaçılara verdiyi sevincdən danışıb.

Mətbuat konfransında “Eurovision Song Contest”in icraçı rəhbəri Yan Ola Sand da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR