Fərhad Məmmədov: “Serj Sərkisyan prezident seçkilərindən sonra ölkə daxilində daha güclü təzyiqlərə məruz qalacaq”

Fərhad Məmmədov: “Serj Sərkisyan prezident seçkilərindən sonra ölkə daxilində daha güclü təzyiqlərə məruz qalacaq”
# 18 dekabr 2012 09:21 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Ermənistanda gələn il fevralın 18-ə təyin olunmuş prezident seçkiləri bu dövlətə xas olan siyasi intriqalar ənənəsini hələ seçkiqabağı kampaniyanın ilk mərhələsində itirib”. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirilən brifinqdə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistanda seçkiqabağı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, 2012-ci ilin may ayında keçirilmiş parlament seçkilərindən sonra Ermənistanın siyasi mənzərəsi dəyişib: “Həmin seçkilər Ermənistan cəmiyyətinin bu ölkədə baş verən hadisələrin mahiyyətini anlaqlı dərk edə bilməməsini nümayiş etdirdi. Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, 2011-ci ildə əhalinin yoxsulluq həddi 35 faizə çatıb. Əgər xarici ölkələrdən daxil olan transferləri çıxsaq, müvafiq göstərici ölkə sakinlərinin 53 faizini əhatə edəcək. Məhz seçicilərə hədə-qorxu gəlmək, onları pul ilə ələ almaq sayəsində prezident Serj Sərksyana aid olan Ermənistan Respublikaçılar Partiyası və Qagik Tsarukyanın «Çiçəklənən Ermənistan» Partiyası seçkiqabağı kampaniyanın favoritlərinə çevrilib, ölkə parlamentində çoxsaylı fraksiyalar formalaşdırmağa nail olublar. Bununla yanaşı, Levon Ter-Petrosyan, Raffi Ovanesyan, Stepan Dəmirçyan kimi müxalifət liderləri hələ də ümumi razılığa gələ bilməyib, müxtəlif siyahılarla çıxış edərək müxalifət elektoratını parçalayıblar. Beləliklə, hazırda bu ölkədə əhalinin ictimai narazılığını istiqamətləndirməyi bacaran, digər tərəfdən öz addımlarını Ermənistanın xarici sponsorları ilə razılaşdıra bilən xarizmatik müxalifət lideri yoxdur. Serj Sərkisyan hakimiyyətini sarsıda biləcək yeganə qüvvə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasi potensialı və ona yaxın olan «Çiçəklənən Ermənistan», eləcə də Daşnaksütyun partiyalarıdır. Robert Köçəryan son vaxtlaradək özünün prezident seçkilərində iştirak edib-etməməsinə dair çoxmənalı bəyanatlar versə də, hələ də konkret mövqeyini bildirməyib”.

F. Məmmədov qeyd edib ki, 2012-ci ilin yay və payız ayları ərzində Serj Sərkisyanın inzibati aparatı və güc strukturları bütün imkanlarını «Çiçəklənən Ermənistan» Partiyasını siyasi proseslərdən kənarlaşdırmağa yönəldib: “İlk mərhələdə «Çiçəklənən Ermənistan» bir neçə nazir postunu və yerli hakimiyyət orqanlarındakı təmsilçilərini itirərək hakim koalisiyadan kənarda qalıb. Daha sonra partiya siyahısındakı ikinci şəxs - Robert Köçəryanla yaxınlığı ilə seçilən Vardan Oskanyan barədə cinayət işi qaldırılıb. Eyni zamanda, Qagik Tsarukyanın biznesinə onun qudası, parlamentin spikeri Ovik Abramyan vasitəsilə təzyiqlər edilib. Serj Sərkisyan xarici sponsorların ona qarşı alternativ qüvvədən istifadə etmələrinin və ya Ermənistanın xarici siyasətin gündəmində olan prinsipial məsələlərlə şantaj olunmasının qarşısını almaq üçün əlindən gələni edib. Əvvəlki proqnozlarımızda qeyd olunduğu kimi, Ermənistan Avrasiya İttifaqına və Gömrük İttifaqlarına daxil olmaq və ya bundan imtina etmək barədə həlledici qərar vermək səlahiyyətinə malik deyil. Eyni zamanda, Ermənistan 800 milyondan 1 milyard avroyadək məbləğdə kredit almaq məqsədilə Avropa İttifaqı ilə fəal danışıqlar aparır və sponsorlar sammitinə hazırlaşır. Bu məbləğ yalnız 2012-ci ilin büdcə kəsirini bağlamağa və ölkədə bir neçə əhəmiyyətsiz layihəni yekunlaşdırmağa imkan verə bilər. Ermənistanın 2013-cü il büdcəsində investisiya layihələri nəzərdə tutmadığına görə onu «yaşamaq uğrunda mübarizə büdcəsi» də adlandırırlar. Bütün bunlara və digər amillərə əsasən belə nəticəyə gəlmək olar ki, Ermənistanda növbəti prezident seçkiləri praktiki olaraq, alternativsizlik şəraitində keçiriləcəkdir”.

F. Məmmədovun sözlərinə görə, rəsmi İrəvanın Rusiyanın geosiyasi layihələrində iştirakdan imtina etməsi, Türkiyə ilə sərhədlərin bağlı olması üzündən Avropaya tam inteqrasiya imkanından məhrum olması Serj Sərkisyanı elə ciddi maneələrlə qarşı-qarşıya qoyub ki, Ermənistan indiki şəraitdə onları dəf etməyə qadir deyildir: “Bu baxımdan, iqtisadi, siyasi və sosial tənəzzül dövrünü yaşayan ölkədə Serj Sərkisyanın irəli sürdüyü «Zəngin Ermənistana doğru» seçkiqabağı şüarı əslinə qalsa, siyasi populizm və riyakarlıq nümunəsi kimi dəyərləndirilməlidir. Serj Sərkisyan prezident kürsüsündə əyləşdiyi beş il ərzində ölkədə ümummilli əhəmiyyətə malik heç bir problemi həll edə bilməyib”.

Çıxışın sonunda F. Məmmədov bildirib ki, 2013-cü il fevralın 18-də Ermənistanda keçiriləcək prezident seçkilərindən sonra Serj Sərkisyan ölkə daxilində daha güclü təzyiqlərə məruz qalacaq, müxalifətdə olan siyasi qüvvələr birgə mübarizə aparmaq məqsədilə potensiallarını birləşdirəcəklər: “Ermənistan bundan sonra da xarici sponsorlar hesabına bir dövlət kimi mövcudluğunu saxlayacaq, ətrafdan təcrid olunmuş vəziyyətdə qalacaq, bankrot dövlət səviyyəsinə enəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR