Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 11% artıb

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 11% artıb
# 26 dekabr 2019 11:35 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub ki, bu da illik ifadədə 11,1% çoxdur.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının 2019-cu ilin iqtisadi yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 mlrd. dollar təşkil edib və ticarət dövriyyəsində 6 mlrd. dollar dəyərində müsbət saldo yaranıb. Monetar qızılın idxalını çıxanda ticarət dövriyyəsinin müsbət saldosu daha böyükdür. Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 mlrd. dollar təşkil edib və 16% artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Ukraynaya ixrac olunub", - deyə V. Qasımlı əlavə edib.

O həmçinin bildirib ki, hesabat dövründə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54%, pambıq lifinin ixracı 53%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 52%, kimya sənayesi məhsullarının ixracı 30%, pambıq ipliyinin ixracı 28%, elektrik enerjisi ixracı 17%, şəkər ixracı 14%, alüminium və ondan hazırlanan məmulatların ixracı 11%, meyvə-tərəvəzin ixracı 9% artıb: "Cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR