Varşavada Polşa-Azərbaycan biznes forumu keçirilib

Varşavada Polşa-Azərbaycan biznes forumu keçirilib
# 26 noyabr 2012 15:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Varşavada Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası çərçivəsində ikitərəfli biznes forum keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbir Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı və qida sənayesi, tikinti, enerji, turizm və s. sahələrdə fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər. Ümumilikdə biznes foruma Azərbaycan və Polşa tərəfindən 40-a yaxın iş adamı qatılıb.

Forumda çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib, əlaqələrin inkişafında biznes forum və işgüzar görüşlərin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Azərbaycanda müasir sənaye kompleksləri və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, polşalı iş adamları bu sahədə əməkdaşlığa dəvət ediblər.

Tədbirdəki çıxışında Polşanın iqtisadiyyat nazirinin müavini Anjey Dıxan Polşa iqtisadiyyatı və iki ölkə arasındakı iqtisadi əməkdaşlıq barədə danışıb.

Öz növbəsində Azpromo-nun nümayəndəsi Azər Hüseynov Azərbaycanın biznes və investisiya imkanlarına, Polşanın Sənaye və Texnologiya Parkları üçün Milli Forumun sədri Roman Caskalik ölkədə sənaye və texnologiya parklarının fəaliyyətinə dair təqdimatlarla çıxış edib.

Biznes forum çərçivəsində Azərbaycanın «Caspian Service» şirkəti ilə Polşanın «Ulma Construction» şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR