“Azərreyl” amerikalı voleybolçunu transfer edib

“Azərreyl” amerikalı voleybolçunu transfer edib
# 25 iyul 2012 11:02 (UTC +04:00)
Bakı-APA. Yeni mövsüm üçün super komanda yaratmağı planlaşdıran “Azərreyl” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Super Liqada uğursuzluğa son qoymaq arzusunda olan “dəmiryolçular” növbəti transferlərini rəsmiləşdiriblər.

Bakı təmsilçisi bu dəfə ABŞ-ın perspektivli voleybolçularından hesab olunan Ariel Uilsonla müqavilə bağlayıblar. 23 yaşlı blokçu ilə 1 illik razılıq əldə olunub. 191 sm boya malik Uilson Polşanın “İmpel Qvardiya” klubundan transfer olunub. O, bu ölkədə uğur qazana bilməsə də, vətənində oynadığı ilk komandası “Stani Zjednoczone” ilə 4 dəfə ABŞ-ın universitetlərarası çempionatının qızıl medalını qazanıb. Ariel, həmçinin burada ilk ilində (2007) ən yaxşı debütant, 2010-cu ildə ən yaxşı blokçu tituluna sahib olub.

Həmin il o, ABŞ yığmasına da çağırılıb, təlim-məşq toplanışından sonra isə Uilsona ehtiyac duyulmayıb. Lakin amerikalı voleybol mütəxəssisləri onun yenidən milliyə çağırılacağını bildirirlər.

Qeyd edək ki, italiyalı Alessandro Çiappinin çalışdıracağı “Azərreyl” Arieldən öncə Lipiçer Tina (Sloveniya), Anna Qrbaç (Xorvatiya), Luna Karokki (İtaliya), Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Akiko İno (Yaponiya), Milena Radeçka (Polşa) və Meqan Hodju (ABŞ) transfer edib, ötən ilki heyətdən Oksana Parxomenko, Polina Rəhimova (hər ikisi Azərbaycan) və Sara Anzanello (İtaliya) ilə müqaviləni yeniləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR