Mikayil Cabbarov: “Əminliklə deyə bilərik ki, İçərişəhərə hər hansı təhlükə yoxdur” - MÜSAHİBƏ

Mikayil Cabbarov: “Əminliklə deyə bilərik ki, İçərişəhərə hər hansı təhlükə yoxdur” - <font color=red>MÜSAHİBƏ</font>
# 23 fevral 2012 09:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun APA-ya müsahibəsi.

- 2000-ci ildən UNESCO-nun “Dünya irsi” siyahısına salınan İçərişəhərin qorunması hazırda hansı səviyyədədir?

- Hazırda İçərişəhərin qorunması beynəlxalq təcrübədə tətbiq olunan ən yaxşı meyarlara əsaslanır. İçərişəhər 2000-ci ildə “Dünya irsi” siyahısına daxil edildikdən sonra yaranan problemlər barədə hamımız məlumatlıyıq. 2003-cü ildə həmin problemlərin nəticəsi olaraq İçərişəhər UNESCO-nun “Dünya irsi” siyahısından “Təhlükə altında olan obyektlər” sırasına daxil edilmişdi. Lakin dövlətin və dövlət başçısının iradəsi ilə İçərişəhərin Konservasiyası üzrə Baş Planın, idarəetmə üzrə planının hazırlanmasını, çevik və mobil idarənin fəaliyyət göstərməsini, İçərişəhər ərazisində bir sıra zəruri bərpa layihələrinin başlanmasını və abidələrin dağıdılmasının qarşısının alınmasını nəzərə alaraq 2009-cu ildə UNESCO-nun “Dünya irsi” üzrə komitəsi tərəfindən İçərişəhər bu siyahıda tam bərpa olunub. Sadalanan işlərin görülməsi bu işlərdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın bilavasitə iştirakı və dəstəyi hesabına mümkün olub. Lakin müvafiq qaydalara uyğun olaraq, müəyyən bir dövr ərzində İçərişəhərdə bu sahədə fəaliyyət göstərən təcrübəli beynəlxalq ekspertlər, memarlar, konservasiya və abidələrin qorunması üzrə mütəxəssislər tərəfindən vaxtaşırı səfərlər təşkil olunur və mövcud vəziyyətin yerində araşdırılması kimi müşahidə və monitorinq mexanizmləri həyata keçirilir. Hələ 2008-ci ildən başlayaraq həmin ekspertlərin bir sıra sənədlərində İçərişəhərdə tətbiq olunan idarəetmə modelinin və aparılan bərpa işlərinin metodologiyası, təcrübəsi, icma ilə inkişaf etdirilən ünsiyyət formasında qazanılan uğurlar öz əksini tapıb. İçərişəhərdə tətbiq olunan bir sıra təcrübələrin UNESCO-nun “Dünya irsi” siyahısına daxil olan obyektlərin qorunmasında istifadə edilməsi tövsiyə edilib. Bu, bizim deyil, bu sahədə mövcud olan neytral tərəfdaşlarımızın verdiyi qiymətdir. Krakov, Amsterdam, Tiflis kimi şəhərlərin tarixi mərkəzlərinin müvafiq inkişaf planlaşdırılmasında və qorunmasında İçərişəhərin təcrübəsi araşdırılıb, ikitərəfli əlaqələr inkişaf etdirilib. Bu, o deməkdir ki, artıq İçərişəhərin təcrübəsi tanınır və əldə edilən uğurlar tək ölkədaxili deyil, ölkəmizin kənarlarında da böyük maraqla qəbul olunur. Bu o demək deyil ki, İçərişəhərdə həllini gözləyən problemlər qalmayıb. Belə problemlər çoxdur. Lakin bu problemlərin müəyyənləşdirilməsinə dair iş başa çatdıqdan sonra onların həlli baş verir. Biz əminliklə deyə bilərik ki, İçərişəhərin vahid orqanizm, canlı şəhər kimi qorunub saxlanmasına hər hansı bir təhlükə yoxdur. Cari məsələlər var. Dünyanın bütün tarixi şəhərlərində belə məsələlər olur. Əhəmiyyətli olan budur ki, həmin problemlərin həlli mexanizmləri mövcuddur. Problemlərin həllində müsbət dinamikanı görürük. İçərişəhərdə konservasiya işlərinin cəmiyyətin gözü qarşısında, üstü belə örtülmədən həyata keçirilməsi bu sahədə olan işimizin, yanaşmamızın şəffaflığını göstərir.

- Nazirlər Kabinetinin ötən il verdiyi qərarla İçərişəhər ərazisinin mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında əsasnamə təsdiq edilib. Bu qərar İçərişəhərin mühafizəsində hansı dəyişikliklərə səbəb olub?

- Bu zərurət “Dünya irsi” siyahısında olan obyektlərin statusuna dair UNESCO tərəfindən qəbul edilmiş qaydadan irəli gəlir. Bunun fəlsəfəsi ondan ibarətdir ki, belə ərazilər qorunduğu zaman tək onların daxili yox, həm də xaricdən olan görüntüsü böyük əhəmiyyət kəsb edir. İçərişəhərin xasiyyətini, ruhunu əks etdirən abidələr, yaxud görüntü tək İçərişəhərin dar dalanları, Qız Qalası və s. deyil, həm də onun ümumi görüntüsü, Qala divarları, Qoşa Qala Qapısı, Neftçilər prospektindən Qız Qalasının görüntüsüdür. Mühafizə zonasının müəyyənləşdirilməsində əsas meyar məhz qoruqdan kənar, amma qoruğa bitişik olan ərazilərdə hansısa memarlıq layihələrinin İçərişəhərin ümumi görkəminə xələl gətirməməsindən ibarətdir. Bu qərarın əsas məqsədi də bu sahədə Bakı şəhər İcra Hakimiyyəti, AMEA, Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış işin həyata keçirilməsidir. Sürətlə inkişaf edən Bakının yeni inkişaf mərhələləri İçərişəhərin kənardan olan görüntüsünə xələl gətirməməlidir. Əsasnamədə İçərişəhərin kənarında diqqəti kənarlaşdıra bilən iri reklam lövhələrinin olmaması, infrastruktur layihələri həyata keçirilərkən abidələrin fiziki dayanıqlığına mənfi təsir göstərən addımların atılmaması da nəzərdə tutulub.

- İçərişəhər arxeoloji baxımdan tam tədqiq edilibmi? Bəzi məlumatlara görə, İçərişəhərin altında daha qədim olan şəhər və çoxlu yeraltı yollar var...

- Fikrimcə, İçərişəhərdə arxeoloji araşdırmalar gələcəkdə də bizim hamımızı təəccübləndirəcək. Tikinti sıxlığına görə İçərişəhərdə geniş masştabda arxeoloji qazıntıların aparılması kifayət qədər mürəkkəbdir. Ona görə də bizim arxeoloji tapıntılarımız bu və ya digər sahələrdə apardığımız bərpa və abadlaşdırma işləri ilə üst-üstə düşür. Hazırda İçərişəhərin İstiqlaliyyət prospekti tərəfindən, AMEA Rəyasət Heyətinə yaxın olan hissədə Qala divarının itmiş bürcünün bərpası layihəsi həyata keçirilir. Burada Qala divarı və mövcud olan bürc itirilmişdi. Hazırda Qala divarının bu hissəsi bərpa edilir. Həmin işin həyata keçirilməsi zamanı kütləvi şəkildə quyuların, yeraltı anbarların, yeraltı keçidlərin müəyyən hissələrinin aşkarlanması baş verib. Biz idarənin tərkibində fəaliyyət göstərən arxeoloqlarla bütün bu araşdırmaları aparırıq. O ki qaldı İçərişəhərin altında daha qədim şəhərin olmasına, bu, elə qədim Bakıdır, İçərişəhərdir. Sadəcə olaraq şəhərin inkişaf dinamikası ondan ibarətdir ki, hər zaman bir mədəni təbəqə o biri mədəni təbəqənin üzərində tikilir. Burda təəccüblü heç nə yoxdur.

- Yeraltı yollarla bağlı araşdırmalar başlayıbmı?

- Bir sıra yeraltı yolların mövcudluğu artıq məlumdur. Sadəcə olaraq həmin yolların bütünlüklə tədqiqi bir qədər mürəkkəbdir. Bunun mürəkkəbliyi ondan qaynaqlanır ki, XIX əsrin sonu, XX əsrin əvvəlində - birinci neft bumu zamanı və sovet dövründə burada çox fəal tikinti gedib. Ona görə də bu gün hansısa yolların hara getməsini biz dəqiq bilirik, bəzi yolların istiqamətinin müəyyənləşdirilməsində isə çətinliklər çəkirik. Amma hər bir tapıntı, hər bir yeni aşkar edilmiş yol yeni fikirlər, fərziyyələr verir. Bu işlər çərçivəsində İçərişəhərdə olan bir qədim darvazanın, qapının açılması və bərpa olunması da nəzərdə tutulur. Biz Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən baxsaq, hətta o çıxışı görə bilərik. Hazırda Qoruq İdarəsi tərəfindən bütün lazımi işlər həyata keçirilir. Qala divarının bərpa layihəsinin birinci mərhələsi başa çatarkən bu tapıntı da təqdim olunacaq.

- Hazırda İçərişəhərdə qanunsuz və şəhərin arxitektur quruluşuna uyuşmayan tikililər varmı? Bu tikililərlə bağlı hansı işlər aparılır?

- Hazırda İçərişəhərin ərazisində hansısa qeyri-qanuni, yaxud memarlığa uyğun olmayan tikinti prosesi mövcud deyil. Bu suala üç ilə yaxındır ki, tam əminliklə cavab verə bilirəm. Eyni zamanda, vaxtilə İçərişəhərə xas olmayan tikili tikilibmi? Bunun cavabı bəllidir. Vaxtilə tikilmiş bir sıra binalar İçərişəhərin memarlıq quruluşuna və ümumi görkəminə başucalığı gətirmir. Bu barədə hər bir qərar yalnız qanunvericilik çərçivəsində qəbul edilə bilər. Başqa sözlə, mülkiyyət hüquqları qorunur. Bir sıra bina və tikililər var ki, onlar sovet dövrünə aiddir. İçərişəhər canlı şəhər kimi özündə bütün inkişaf mərhələlərini əks etdirir. Necə ki, ən qədim abidələrimiz yaşadığımız inkişaf mərhələlərini əks etdirir. Sovet binaları da tariximizin bir hissəsinin əksidir. Tez-tez müxtəlif fikirlər irəli sürülür ki, filan bina Içərişəhərin ruhuna uyğun deyil, onun sökülməsi daha məqsədəmüvafiq olardı. Amma burada memarlığın, şəhərin inkişafının davamlılığını da nəzərə almaq lazımdır. Artıq burada nə isə tikilibsə, mövcuddursa, bu gün buna da çox həssas yanaşmalıyıq. Bəli, onlar abidə deyil, amma onlar biz yaşadığımız dövrün memarlığının əksidir. Bizim müxtəlif fikirlərimiz ola bilər, amma bu da bizim şəhərin bir tarixidir. İçərişəhərin unikallığı da bundadır. Millətimizin yüksək mədəniyyətinin, öz tarixinə olan hörmətinin, adət-ənənələrindən qürur duymasının ən gözəl sübutlarından biri də İçərişəhərin canlı tarix kimi qorunub saxlanılması və bu günə çatdırılmasıdır. Tariximiz boyu olan şanlı və kədərli məqamlara baxmayaraq, biz İçərişəhəri canlı orqanizm ki, vahid memarlıq ansamblı kimi bu günə qədər qoruyub saxlaya bilmişik. İndiki nəslin də əsas vəzifəsi onu növbəti nəslə vahid şəkildə çatdırmaqdır.

- İl ərzində İçərişəhər nə qədər turist qəbul edir? Ümumiyyətlə, İçərişəhərin turistlərə tanıdılması üçün hazırda hansı layihələr həyata keçirilir?

- Biz dəqiqliyi ilə İçərişəhərə gələn turistlərin sayını deyə bilmirik. Belə bir məqsəd də qarşıya qoymuruq. Lakin bir sıra dolayı meyarlara əsaslanaraq ilk növbədə muzeylərin və otellərin statistikasını əsas tutaraq biz İçərişəhərdə aydan–aya turistlərin artım dinamikasını müşahidə edirik. Azərbaycana gələn turistlərin 90 faizindən çoxu İçərişəhərin qonağı olur. Başqa sözlə, ölkəyə gələn həır 10 insandan 9-u İçərişəhərin qonağıdır. Turistlərin marağını artırmaq üçün İçərişəhərin içərisində yeni maraq nöqtələri yaradılır. Artıq İçərişəhərdə 5 dildə audiobələdçi xidmətlərindən istifadə olunur. Ölkə prezidenti İçərişəhərdə Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun Ev Muzeyinin yaradılması barədə qərar verib. Hazırda bu muzeyin açılması üçün işlər həyata keçiririk. Muzey 2012-ci ilin ikinci rübündə fəaliyyətə başlayacaq. Bu kimi fəaliyyətlərə özəl sektoru da daimi cəlb edirik. Məqsəd ondan ibarətdir ki, İçərişəhər mədəniyyət-turizm mərkəzinə çevrilsin. Bədii festivallar, sərgilər, ənənəvi “Qız Qalası Beynəlxalq İncəsənət Festivalı”, “Meydan bazarı” və “Üzüm festivalı” artıq İçərişəhərin mədəni təqviminin tərkib hissəsinə çevrilib. Bu ildən İçərişəhərdə yerləşən Marionet teatrının binasının bərpasına başlayacağıq. Marionet teatrının truppası və tamaşası mövcuddur. Hazırda onların repertuarında bir tamaşa – “Arşın mal alan” var. Bu yaxınlarda yeni tamaşanın hazırlanması üzərində iş gedəcək. Bir neçə ildən sonra bu teatr İçərişəhərdə daimi fəaliyyət göstərəcək.

- Bu ilin may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar İçərişəhərdə hansı yeniliklər olacaq? Bəzi məlumatlara görə, İçərişəhərdə həmin vaxt turistlərə 60 növ çay təklif olunacaq.

- Mən buna təəccüblənmərəm. Bu gün də İçərişəhərin ərazisində yerləşən müxtəlif iaşə obyektləri 60 yox, bəlkə də daha çox çay növü təklif edə bilərlər. Bu, çox xoş bir haldır. Ad çəkmək istəmirəm, İçərişəhərin bir sıra iaşə obyektlərində çayların müxtəlifliyindən mən də zövq alıram. Amma bu, İdarənin fəaliyyətindən kənara çıxan məsələdir. Çalıçacağıq ki, həmin dövrdə İçərişəhər ərazisində fəaliyyət göstərən muzeylərin ekspozisiyalarında tam dolğunluğu ilə Azərbaycanın etnoqrafiyası, tarixi əks etdirilə bilsin. Bununla bağlı bütün muzeylərə köməklik göstəriləcək. İçərişəhərdə fəaliyyət göstərən bütün otellərin və iaşə obyektlərinin xidmət səviyyəsini yüksəltməsi üçün lazımi dəstək veriləcək. Artıq bu layihəyə başlanıb. İçərişəhərin ərazisində yerləşən bütün ticarət, iaşə, otel obyektləri ilə sıx iş gedir. Orada beynəlxalq təcrübəyə uyğun olaraq anonim şəkildə “gizli qonaq” üsulundan da istifadə ediləcək. Nəticədə İçərişəhərdəki obyektlərin xidmətlərinin dəyərləndirilməsi aparılacaq. “Gizli qonaqlar” kənardan gəlmiş peşəkarlardır, onlar müqaviləyə əsasən fəaliyyət göstərir, onların fəaliyyətindən əldə edilən hesabatları əsas götürərək xidmət səviyyəsini daha da yaxşılaşdırmağa çalışacağıq. Həmin dövr üçün xüsusi ekspozisiyaların açılmasını düşünürük. Həmin müddət ərzində Azərbaycanın milli sənətkarlıq əşyaları geniş təbliğ olunacaq.

- Qız Qalasının konservasiyası ilə bağlı işlər nə zaman yekunlaşacaq?

- Qız Qalasının konservasiya işlərinin ümumi yekunlaşması 2013-cü ildə gözlənilir. Konservasiya işlərinin birinci mərhələsi bu ilin aprel ayında başa çatacaq. Növbəti mərhələ yayın ortalarında başlayacaq. Bu işlər mərhələ-mərhələ həyata keçirilir. Qız Qalasının bütün sahəsi eyni zamanda əhatəyə alınmır. Qız Qalasının konservasiya layihəsi sürətlə gedir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bütün bu işlər Qız Qalasının fəaliyyəti dayandırılmadan həyata keçirilir. Şəhər sakinlərinin və qonaqların qaladan istifadə imkanları məhdudlaşmayıb.

- İçərişəhərdə daha hansı abidələrdə konservasiya işlərinin aparılması nəzərdə tutulur?

- Bizim bərpa və konservasiya proqramımız mövcuddur. Hazırda ən böyük bərpa və konservasiya layihələri Qız Qalasının konservasiyası, Qala divarlarının bərpa və bürc olan hissəsində rekonstruksiya layihəsi, ikimərtəbəli Karvansaray abidəsinin konservasiya işlərinin başa çatmasıdır. Xıdır Məscidi, Qasım bəy hamamının da konservasiyası başlamaq mərhələsindədir. Bərpa sahəsində bizim layihələrimiz uğurla, plana uyğun gedir.

- Şirvanşahlar Sarayı ilə bağlı belə layihə nəzərdə tutulurmu?

- Hazırda Şirvanşahlar Sarayının ekspozisiya konsepsiyasının fəal müzakirəsi gedir. Biz belə bir qənaətdəyik ki, Şirvanşahlar Sarayının ekspozisiyasının konsepsiyası məhz şah sarayının ruhunu əks etdirməlidir. Bu, asan iş deyil. Çünki XV əsrin ab-havasını və şah sarayının ruhunu yaratmaq və bərpa etmək, bunu dünya standartları səviyyəsində həyata keçirmək, bu abidənin qədimliyini və möhtəşəmliyini cılızlaşdırmamaq çox böyük bir çağırışdır. Biz bunu etməliyik. Şirvanşahlar Sarayı Qız Qalası ilə birlikdə İçərişəhərin əsas mərkəzi nöqtəsidir. Şirvanşahlar Sarayı İçərişəhərin ən yüksək nöqtəsində tikilib. Özünün daxili memarlığına görə çox əhəmiyyətli abidədir. Şirvanşahlar Sarayının məhz şah sarayı kimi təqdim olunması və ora gələn hər bir qonağın şah sarayının ab-havasını hiss etməsi bizim üçün ən böyük uğur olardı. Bu istiqamətdə işlər başlayıb. Tarixi materialların, həmin dövrə aid olan eksponatların toplanması kifayət qədər böyük işdir. Bu yaxınlarda biz o konsepsiyanı tam başa çatdırandan sonra bu işin başlanmasını elan edəcəyik. Bu işdə tələsmək düzgün olmazdı. Biz tam əmin olmalıyıq ki, konsepsiyanı istədiyimiz səviyyədə təqdim edə biləcəyik.

- UNESCO-nun mədəni dəyərlərin müdafiəsi komitəsinə Azərbaycanda “Dünya irsi”nə daxil olan iki obyektə hərbi münaqişə baş verəcəyi təqdirdə “gücləndirilmiş müdafiə” statusunun verilməsi ilə bağlı Azərbaycandan sorğu daxil olub. Bunlar Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və Qobustan qayaüstü incəsənət nümunələridir. Bu zərurət nədən yaranıb?

- Bununla bağlı beynəlxalq konvensiya mövcuddur. UNESCO-ya üzv olan bütün dövlətlər o konvensiyanı ratifikasiya edib. “Dünya irsi” konsepsiyasının növbəti mərhələsinin inkişafı kimi, dünya irs obyektləri sayılan, xüsusi tarixi, bəşəri dəyərə malik olan ərazilər bilərəkdən, ya təsadüfi hadisələrdən qorunmaq məqsədilə mümkün qədər müdafiə mexanizminə cəlb olunurlar. Bəşəriyyətin tarixi bizə göstərir ki, bir çox ümumbəşəri abidə sayılan yerlər bu günə gəlib çıxmayıb. Bunun səbəbi də təbii fəlakətlər yox, insanların davranışları olub. Bizim hamımızın marağındadır ki, ümumbəşəri dəyər kimi tanınan ərazilərə, yerlərə “gücləndirilmiş müdafiə” statusu verilsin. Biz bu fəlsəfədən çıxış etməliyik ki, Azərbaycan mədəniyyətinin bir sıra abidələri ümumbəşəri dəyər kimi qəbul edilib. Bu, Azərbaycana qürur verməlidir. Belə bir mexanizm mövcud olduğu halda və dünyanın bütün inkişaf etmiş dövlətləri bu mexanizmdən istifadə etdiyi təqdirdə nədən biz istifadə etməyək? Bir sıra obyektiv və subyektiv səbəblərə görə bu məsələ indiyə qədər Azərbaycan tərəfindən qaldırılmamışdı. Biz xüsusi mühafizə statusunu İçərişəhər üçün istəyirik. Niyə də yox? Bir halda ki, bu status Kolizey, Akropol kimi “Dünya irsi”nə daxil edilən obyektlər üçün verilib. Bu proses bizdən qanunvericiliyə bir sıra dəyişiklər etməyi tələb edir. Bu, sadəcə İçərişəhərin əhəmiyyətinə beynəlxalq çərçivə ilə verilən hüquqlardan tam bəhrələnmə niyyətidir.

- İçərişəhər həm də Bakının ən təmiz hissəsidir. Buna necə nail olunub?

- Burda heç bir sirr yoxdur. İçərişəhər ərazisində gücləndirilmiş sanitar-təmizlik sistemi tətbiq edilir. Buna İçərişəhərin qeyri-büdcə gəlirləri hesabına nail ola bilmişik. İçərişəhərdə təsərrüfat fəaliyyəti elə şəkildə qurulub ki, onun maliyyə dayanıqlılığı daha güclü olsun. Bunun nəticəsində İçərişəhərin qeyri-büdcə gəlirlərinin kəskin şəkildə artımına nail ola bilmişik. 3 il ərzində bu rəqəm təxminən 30 dəfə artıb. Həmin vəsaitin müəyyən bir hissəsini sanitar-təmizlik sahəsində istifadə edirik. Sanitar-təmizlik sahəsində fəaliyyət göstərən insanların əmək haqlarına əlavə ödənişlərin verilməsi həyata keçirilib. Bunlarla yanaşı, ictimai və daxili nəzarət mexanizmləri də tətbiq edilir. Məlumdur ki, orta əsrlərdə İçərişəhər qədim İpək Yolunun üzərində olarkən şəhərə karvanla gələn hər bir insan “sanitar-epidemioloji” təmizlikdən keçirdi. Yəni İçərişəhərin hər bir girişində hamamlar mövcuddur. Bu, təsadüf deyil. Hər gələn insanın məcburi qaydada təmizlənmə prosedurundan keçməsi, karvanda olan hər bir heyvanın ayaqlarının antiseptik keyfiyyətə malik qudronla təmizlənməsi hamısı tarixdir. Şəhərin və millətin mədəniyyəti barədə musiqi, ədəbiyyat, təhsil səviyyəsi nə qədər fikir yaradırsa, şəhərin görkəmi və səliqəsi də o qədər fikir yaradır. Bu standart ən yüksək səviyyədə saxlanmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR