Əli Əhmədov: “Ermənilər Jirinovskinin dostları Səddam Hüseyn və Qəddafinin taleyini unutmasınlar”

Əli Əhmədov: “Ermənilər Jirinovskinin dostları Səddam Hüseyn və Qəddafinin taleyini unutmasınlar”
# 17 sentyabr 2012 13:20 (UTC +04:00)
Bak. Pərvin Abbasov – APA. “Jirinovski həmin mitinqdə özünü siyasətçi kimi deyil, xalis provokator kimi aparıb. Rusiya tarixində ibrətamiz provokatorluq nümunəsi var. Lakin Liberal Demokrat Partiyasının sədrinin ənənə halını almış belə hərəkətləri, görünür, onun beynindəki ziddiyyətlə əlaqədardır”. APA-nın xəbərinə görə, bu sözləri YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib. O bildirib ki, erməniləri azərbaycanlılara qarşı terror hərəkətlərinə səsləyən Jirinovski bununla əslində erməni terrorizmini etiraf etmiş olur: “Bir vaxtlar Jirinovski Səddam Hüseynin sarayından çıxmırdı. Düşünmürəm ki, bu, Səddam Hüseynə sevgidən irəli gəlirdi. Xeyr, sadəcə olaraq Səddamın sarayında olanlar oradan yaxşı hədiyyələrlə geri dönürdülər. Səddamın axırına çıxdılar, Müəmmər Qəddafinin sarayına ayaq açdılar. Motiv eyni idi. Səddamı da, Qəddafini də provokasiyalara çəkib məhvə apardılar. Jirinovski onları da silahlanmağa, terrora əl atmağa çağırırdı. İndi erməniləri silahlanmağa və terror əməliyyatlarına səsləyir. Üzdə liberal-demokrat, batində provokator və terror ideoloqu! Jirinovskinin mahiyyəti budur. Ancaq mən ermənilərə ehtiyatlı olmağı məsləhət görərdim. Jirinovskinin dostları Səddam Hüseyn və Mühəmmər Qəddafinin taleyini unutmasınlar. Bu provokator-siyasətçi kiminlə dostluq edib, məsləhətlər veribsə, onun axırı yaxşı qurtarmayıb”.

Ə. Əhmədovun fikrincə, V. Jirinovski heç də ermənilərə olan xoş münasibətindən onları terrorçuluğa səsləmir: “Qoy bir sual versinlər, iş adamı Ara Abramyanın mitinqdə iştirak etməməsi nədən Jirinovskinin kefinə soğan doğramışdır? Görünür, Jirinovski daha böyük qonorar alacağına ümid edirmiş, lakin zəngin iş adamının mitinqə qatılmaması onun istəyini gözündə qoyub. Yəqin Ara Abramyan Vladimir Volfoviçin xasiyyətinə yaxşı bələddir. Jirinovski ilk dəfə deyil ki, Azərbaycana və azərbaycanlılara qarşı hədyanlar danışır. Əlbəttə, bunun nə Azərbaycana, nə də azərbaycanlılara isti-soyuğu yoxdur. Necə deyərlər, it hürər, karvan keçər. Lakin bütöv bir xalqın qəzəbini və nifrətini artıq qazanıb. Bu, faktdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR