Qəbələdə dünya şöhrətli sənətkar Müslüm Maqomayevin 70 illik yubileyi keçirilib

Qəbələdə dünya şöhrətli sənətkar Müslüm Maqomayevin 70 illik yubileyi keçirilib
# 24 iyul 2012 18:12 (UTC +04:00)
Qəbələ. Ülkər Rəşdiqızı – APA. Bu gün Qəbələdə Azərbaycanın dünya şöhrətli musiqiçisi, daima yaşar sənətkarı Müslüm Maqomayevin 70 illik yubileyi keçirilib. APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, yubiley tədbiri elə bu gün start götürən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının ilk tədbiri də dahi sənətkarın adına təşkil olunub. Yubiley mərasimi Müslüm Maqomayevin bütün dünyaya səs salan “Azərbaycan” mahnısı ilə açıq elan edilib. Tədbirin təşkil olunduğu zalda quraşdırılmış ekranda Müslüm Maqomayevin böyük fotosu nümayiş etdirilib. Həmin gün tədbirə toplaşanların sayı-hesabı olmayıb. Çoxsaylı tamaşaçıların ürəyi həmin gün Müslüm Maqomayevin şedevr musiqiləri ilə döyünüb.

Yubiley tədbirində millət vəkili Fəttah Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dünya şöhrətli müğənninin həyat yoldaşı, SSRİ xalq artisti və xüsusi olaraq bu yubiley tədbiri üçün Azərbaycana gələn Tamara Sinyavskaya, xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Murad Adıgözəlzadə, tanınmış violençel ifaçısı Dmitriy Yablonski, nazir müavini Ədalət Vəliyev, “Eurovision” üçüncüsü Aysel Termurzadə və digər tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Yubiley tədbirində açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müslüm Maqomayev yaradıcılığının yüksəkliyindən və özəlliyindən danışıb. Nazir gözəl təşəbbüsə və təşkilatçılığına görə Qəbələ rayonun rəhbərliyinə təşəkkürünü bildirirəm: “Bu gün hər birimiz Müslüm Maqomayev işığına toplaşmışıq. Sözsüz, bu günü və belə bir musiqi bayramını qaçırmaq mümkünsüz və qəbul edilməzdir. Müslüm Maqomayev musiqisi daima hər bir kəsi öz ətrafına toplayıb, istənilən insanı valeh edib və yüksəkliyi ilə hər bir kəsi sehrə salıb. Musiqi insanları daima yaxşılığa doğru çağırır, birləşdirir və dostluq tərənnüm edir. Bu cür festivallara hər zaman ehtiyac var və bu vacib faktordur”.
Müslüm Maqomayevin Azərbaycan musiqisinin tanınmasında məxsusi bir yer tutduğunu deyən nazir, bu gün onun kimi istər bir insan, istərsə də sənətkar tapmağın çox çətin olduğunu bildirib: “Müslüm Maqomayev çox uca ifaçılıq məktəbinə məxsusdur. O, illər, əsrlər keçsə də heç bir zaman unudulmayacaq. Sözsüz, burada yubileyin keçirilməsi olduqca önəmlidir. Bu gün Müslüm Maqomayevin musiqisi bütün dünyanı riqqətə gətirir və hamı bu möhtəşəmliyi doymadan dinləyir. Bura toplaşan insanların sayından da bu məlum olur”.


Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Müslüm Maqomayevin 70 illik yubiley konsertində bəstəkarın ölməz və unudulmaz əsərləri ifa edilib. Konsert Rusiyanın məşhur bəstəkarı Sergey Raxmaninovun “Qəm etmə” və “Vokaliz” əsərləri ilə başlanıb. Sonra konsertdə R.Ştrausun “Serenada”, İ.Bramsın “Yasəmən çiçəklənəndə”, R. Şumanın “Fantaziştük”, Ü. Hacıbəylinin “Sevgili canan”, T. Quliyevin “Sənə də qalmaz”, M. Əhmədova və V.Mustafazadənin “Düşüncə”, T.Quliyevin “Qəmli mahnı”, S.Rüstəmovun “İntizar”, F.Bədəlbəylinin “Şuşa”, Q.Qarayevin və C.Hacıbəyovun “Vətən” operasından Mərdanın ariyası, M.Maqomayevin “Elegiya”, F.Çiaranın “Espanyola”, V.di Paolonun, S.Taccani və M.Panzerinin “Come Prima”, M.Maqomayevin “Odlar yurdu” əsərləri səsləndirilib. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəylinin (piano), ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkesrtinin drijoru, festivalın bədii rəhbəri Dmirti Yablonskinin (violonçel), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadənin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, Prezident təqaüdçüsü Əvəz Abdullayevin (bariton), Opera və Balet Teatrının və Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədovanın (messo-soprano), Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (soprano) iştirakı ilə səsləndirilən klassik musiqilər sürəkli alqışlarla müşayiət olunub.

Xatırladaq ki, iyulun 24-dən avqustun 5-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalın rəsmi açılış mərasimi iyulun 25-də, yəni sabah baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR