Vüqar Rəhimzadə: ““İki sahil” Azərbaycanın 25 illik müstəqillik tarixinə bələdçilik edib” - MÜSAHİBƏ

Vüqar Rəhimzadə: ““İki sahil” Azərbaycanın 25 illik müstəqillik tarixinə bələdçilik edib” - <span style="color: red;">MÜSAHİBƏ
# 13 iyul 2016 13:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadənin APA-ya müsahibəsi

- Vüqar müəllim, iyulun 10-da “İki sahil” qəzetinin 25 yaşı tamam oldu. İlk olaraq bu münasibətlə sizi və kollektivinizi təbrik edirik. Azərbaycanın dövlət müstəqilliyi ilə həmyaşıd olan “İki sahil” 25 yaşına necə qədəm qoyub?

- İlk növbədə təbrikə görə təşəkkürümü bildirirəm. “İki sahil” qəzeti yarandığı gündən etibarən söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə etməyib. Müqəddəs jurnalistika ənənələrinə sadiq qalıb, daim dövlətin, dövlətçiliyin və milli maraqların qorunmasına xidmət edib. Bu amillər bizim üçün ən ümdə vəzifələrdən biridir. Bunu xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, “İki sahil”də jurnalist məsuliyyətinə hər zaman ciddi yanaşılıb. Bəli, siz çox haqlı qeyd etdiniz. Qəzetin keçdiyi yol dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə bərabərdir. “İki sahil” qəzeti 1965-ci ildə “Zavod həyatı” adı ilə fəaliyyətə başlayıb, 1991-ci il iyulun 10-dan isə “İki sahil” adı ilə müstəqil ictimai-siyasi qəzet kimi nəşr olunub və bu gün də fəaliyyətini uğurla davam etdirir.

“İki sahili ” çox çətin və ağır bir dövrdə yaratdıq

1991-ci ilin iyul ayında Azərbaycan hələ dövlət müstəqilliyinə qovuşmamışdı. Yəni Sovet imperiyası hələ hökmranlıq edirdi. Müstəqil mətbuatın yaranmasından, mövcudluğundan danışmaq qətiyyət tələb edirdi. Bu, o dövr idi ki, senzuranın, hətta hərbi senzuranın tüğyan etdiyi bir zaman idi. O vaxt söz azadlığına böyük basqılar vardı. Bütövlükdə isə yeni media qurumlarının yaranması ilə bağlı kifayət qədər maneələr mövcud idi. Çox çətin və ağır bir dövrdə “İki sahil”i yaratdıq. Həm mətbuat, həm də ölkənin ictimai-siyasi durumu çox ağır vəziyyətdə idi. “İki sahil”i qeydiyyatdan keçirərkən müəyyən problemlərlə üzləşdik. Çalışırdılar ki, hər vəchlə buna siyasi don geyindirib, müxtəlif bəhanələrlə qeydiyyatdan keçirməsinlər. Lakin bu əngəllərə baxmayaraq çox çətinliklə də olsa qəzet qeydiyyatdan keçdi. “İki sahil” yarandığı gündən azad sözə, azad fikrə, müstəqil, bədii yaradıcılığa xüsusi önəm verib. Qəzet yeni yaranan zaman dövriyyəsi davamlı deyildi.

Qəzet ay ərzində, yaxud həftədə bir dəfə çap olunurdu. Bütün çətinliklərə baxmayaraq, qəzet yaşadı və biz bu gün 25 illik yubileyimizi qeyd edirik. Bu bizim üçün qürurverici və şərəfli bir tarixdir. O zaman siyasi hakimiyyətdə olan insanlar yeni yaranmış “İki sahil”ə ədalətsiz münasibət sərgiləyirdilər. 1991-ci ildə nəinki Azərbaycanda, habelə postsovet ölkələrində söz azadlığından danışmaq belə yersiz idi. Bu sahədə kifayət qədər məhdudiyyətlər var idi. Yenə qeyd edirəm ki, məhdudiyyətlərə baxmayaraq, “İki sahil” yarandı, fəaliyyət göstərdi və bu gün də gündəlik qəzet kimi öz nəşrini uğurla, şərəflə davam etdirir. O illərdə qəzetlər amansız senzuraya məruz qalırdı. Mən 90-cı illərin əvvəllərində hərbi senzuranın tətbiqinin şahidi olmuşam. O illərdə “İki sahil”in səhifələri də senzuranın amansız münasibəti ilə rastlaşıb, dəfələrlə qəzetimizin səhifələri ağ çıxmaq “məcburiyyət”ində qalıb. “İki sahil” yarandığı gündən etibarən demokratik prinsiplərin bərqərar olunmasına, söz azadlığına xüsusi önəm verib. Kimliyindən, hansı peşə sahibi olmasından asılı olmayaraq insanların fikrini ifadə etməsi üçün qəzetimiz həmişə onların üzünə açıq olub.

İndiyədək oxucu problemi yaşamamışıq

- Oxucuların elektron mediaya üstünlük verdiyi bir dövrdə “İki sahil”in oxucu problemi varmı?

- Tam səmimiyyətimlə deyirəm ki, “İki sahil” yarandığı gündən oxucu problemi yaşamayıb. “İki sahil” qəzeti xalqa, dövlətə və dövlətçiliyə xidməti əsas amalına çevirib. Bu gün milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximizlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında bizim üzərimizə böyük məsuliyyət düşür. “İki sahil” yarandığı gündən Yeni Azərbaycan Partiyasının ideoloji işinin həyata keçirilməsində daim öndə olub. “İki sahil” qəzeti bu gün SOCAR-ın təsisçiliyi ilə nəşr olunur. Həftədə 5 dəfə nəşr olunan qəzetin tirajı gündəlik 9 minə yaxındır. Qəzetimiz respublikamızın bütün bölgələrində yayımlanır. Qəzet yeni yaranan zaman kollektiv təxminən 5 nəfərdən ibarət idi. Artıq bu gün bizim böyük bir kollektivimiz var. Eyni zamanda, qəzetin elektron versiyası daim yenilənir. İnternet televiziyamız fəaliyyət göstərir. Bunun özü bizim üçün çox böyük uğurdur. Biz həm də Mətbuat Şurasının təsisçilərindən biriyik. Qəzetimizin səhifələrində ölkənin siyasi, iqtisadi, sosial, mədəni, idman və s. həyatından olduqca maraqlı xəbərlər, məqalələr, təhlillər yayımlanır. Qəzetimizlə əməkdaşlıq edən onlarla kənar müəlliflər var ki, onlar ölkənin ictimai, siyasi, iqtisadi həyatında kifayət nüfuz sahibi olan insanlar – tanınmış ziyalılardır. Düşünürəm ki, “İki sahil” rəngarənglik baxımından heç də digər qəzetlərdən geridə qalmır. Əlbəttə mənim qəzetin baş redaktoru kimi bunu deməyim bir az bəlkə də düzgün olmaz, amma oxucuların müntəzəm redaksiya ilə əlaqələri, müraciətləri, məktubları, rəyləri və təklifləri bunu deməyə əsas verir.

- “İki sahil”in yarandığı gündən Yeni Azərbaycan Partiyasının ideoloji işinin həyata keçirilməsində öndə olduğunu qeyd etdiniz. Bu amili nə ilə əlaqələndirirsiniz?

- “İki sahil” qəzeti hər zaman ulu öndər Heydər Əliyev ideyalarının təbliğatçısı olub. Qəzetimiz ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasi fəaliyyətinin əsas istiqaməti olan Yeni Azərbaycan Partiyasının yaranması zərurətini, təşkilatlanmasını, keçdiyi inkişaf yolunu geniş şəkildə işıqlandırıb. Bu bizim üçün fəxr olunası və qürurlu tarixdir.

“91-lər”in müraciəti qəzetimizin 15 oktyabr 1992-ci il tarixli sayında ətraflı dərc olunub

Ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini imzalayan “91-lər”dən biri kimi heç bir təzyiqə, çətinliyə baxmadan rəhbərlik etdiyim qəzetin səhifələrində Azərbaycanı düşdüyü ağır durumdan çıxara biləcək yeganə şəxsin ulu öndər Heydər Əliyev olacağını xüsusi qeyd etmişəm. “91-lər”in müraciəti qəzetimizin 15 oktyabr 1992-ci il tarixli sayında ətraflı dərc olunub. Həmin müraciətdə qeyd olunan “Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsil üçün də siyasi yetkinlik məktəbi olar” fikri bu gün öz təsdiqini tapıb. Bunu fəxrlə qeyd edirəm ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin təbliğində “İki sahil” qəzetinin rolunu yüksək qiymətləndirib. Ulu Öndər o vaxt çıxışında bildirib ki, “İki sahil” qəzeti həqiqətlərin təbliğində çox böyük işlər görüb və Yeni Azərbaycan Partiyasına xidmət edir. Ümummilli Lider onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası olmayan zamanlarda da “İki sahil” qəzeti çox cəsarətli məqalələr yayımlayıb. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə “İki sahil” qəzeti yaxşı fəaliyyət göstərib. Qəzetimiz bu etimadı doğrultmaq üçün bu gün də öz yaradıcılıq imkanlarından maksimum dərəcədə istifadə edir. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilib. O zaman siyasi hakimiyyətdə olan səriştəsiz, səbatsız, daim öz şəxsi maraqlarını dövlətin, xalqın maraqlarından üstün tutanların Naxçıvana, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə olan qısqanc münasibətlərdə olan gərginliyə baxmayaraq biz Naxçıvan Ali Məclisinin qərarlarını daim dərc edirdik. Mərkəzi siyasi hakimiyyətdə olanlar maksimum çalışırdılar ki, buna əngəl olsunlar, maneə yaratsınlar. Qəzetin çapını dayandırmağa cəhd edirdilər və senzuranın da o illərdə amansız rəftarı hamıya bəllidir. Bütün bunlara baxmayaraq, biz qətiyyətlə, çəkinmədən öz prinsipial mövqeyimizi ortaya qoyurduq. Bütün bunları xalqımız, dövlətimiz və dövlətçiliyimiz naminə edirdik. Əmin idik ki, millətimizin, dövlətimizin və dövlətçiliyimizin nicatı dahi şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdük. Bunu fəxrlə qeyd edirəm. Biz təkcə Naxçıvan Ali Məclisinin qərarlarını deyil, həm də ulu öndərin çıxışlarını, onun müsahibələrini dərc etmişik. Yenə qeyd edirəm ki, Yeni Azərbaycan Partiyasının yaranmasında, təşkilatlanmasında, regionlarda təsis konfranslarının keçirilməsində, “91-lər”in müraciətlərinin dərc olunmasında və ölkə üçün digər taleyüklü məsələlərdə “İki sahil” qəzeti kifayət qədər mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyev siyasətinə daim sədaqətlə xidmət edirik. Heydər Əliyev bizə yüksək dəyər verib, bizim qəzetin fəaliyyətini çox yüksək qiymətləndirib. Bu, bizim qəzetin fəaliyyətinə verilən çox böyük qiymətdir.

Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla davam edir. Möhtərəm cənab prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən bu uğurlu siyasət Azərbaycanı daha müasir şəkildə dünyaya təqdim edir. Azərbaycan sözün həqiqi mənasında təkcə regionda deyil, dünyada böyük söz sahibinə çevrilib. Hər birimiz var gücümüzlə çalışmalıyıq ki, bu siyasətə dəstək olaq, həyata keçirilən bu uğurlu işlərdə əlimizdən gələni əsirgəməyək, yardımçı olaq. Biz cənab prezident İlham Əliyevin siyasətinə daim sadiqik.

Bir maraqlı hadisəni qeyd edim. 80-ci illərin sonunda çoxtirajlı qəzetin redaktoru idim. Kommunizm ideologiyasının tüğyan etdiyi bir dövr idi. 1990-cı ilin oktyabrın 9-da təxminən axşamçağı saat 7 radələrində mən Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevdən müsahibə aldım. Çox maraqlı bir müsahibə alındı. Dahi lider Heydər Əliyev həmin müsahibədə Azərbaycanın düçar olduğu vəziyyəti təhlil etdi. Vəziyyətdən çıxış yolunun Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini qeyd etdi. Müsahibənin başlığı da belə idi: “Ən ümdə məsələ Dağlıq Qarabağ məsələsidir”. Müsahibə digər qəzetlərdə də dərc olundu. O qəzetlərdən biri də mənim redaktoru olduğum çoxtirajlı qəzet idi. Artıq mənə qarşı təzyiqlər başladı, əsassız iradlar bildirilirdi. Mən isə düzgün addım atdığımı söylədim və o qəzetdən çıxıb getdim. Daha sonra o qəzet bağlandı. 1991-ci ildə isə “İki sahil” qəzetini təsis etdik.

- “İki sahil” qəzetinin təsisçisi SOCAR-dır. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin, habelə neft-qaz strategiyasının qəzetinizdə təbliği istiqamətində hansı işlər görülür?

- 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının təməli qoyuldu. “İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr kimi dövlətin siyasətini, iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. Əgər biz bu gün paytaxt və bölgələrdə geniş şəkildə vüsət alan abadlıq və quruculuq işlərindən fərəhlə danışırıqsa, unutmayaq ki, bu uğurların təməlində düzgün həyata keçirilən neft siyasəti dayanır. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü inkişafın əsasını qoydu. “İki sahil” qəzeti neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rola malik olan SOCAR-ın və onun strukturlarının gördüyü işləri geniş şəkildə işıqlandırır. Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq SOCAR dünya səviyyəli güclü və çevik bir quruma çevrilib. Bu gün dünyanın əksər ölkələrində SOCAR-ın nümayəndəlikləri fəaliyyət göstərir. Təkcə ölkə iqtisadiyyatında deyil, dünya iqtisadiyyatında SOCAR böyük təsir gücünə malik olan bir quruma çevrilib. Bu təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də möhtərəm cənab prezident İlham Əliyev tərəfində uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir. SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi uğurlu investisiya layihələri qurumun beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. “İki sahil” qəzeti həyata keçirilən bu işləri geniş işıqlandırmaqla ictimaiyyəti daim məlumatlandırır.

“İki sahil”in 25 min tirajla çap olunan vaxtları olub

- Qəzetiniz ilk sayının tirajı nə qədər olub?

- Qəzetin ilk sayının tirajı təxminən 10 min nüsxə olub. “İki sahil”in 25 min tirajla çap olunan vaxtları olub. Elə o vaxtdan qəzetə çox böyük tələbat var idi. Həm qəzetlərin sayı az idi, eyni zamanda müstəqil qəzetlər tək-tək idi. O dövrdə elə rayonlar olurdu ki, təxminən 700-1000 nüsxə qəzet göndərilirdi. Qeyd etməliyəm ki, bu gün gündəlik çap olunan digər qəzetlərlə yanaşı, tirajımız kifayət qədərdir. Sözsüz ki, bu, “İki sahil”in uğurlu fəaliyyətinin, peşəkar kollektivimizin səmərəli fəaliyyətinin bəhrəsidir. Amma biz yenə çalışırıq ki, oxucularımızın sayı günü-gündən artsın, fəaliyyət dairəmiz daha da genişlənsin.

- Bugünkü qəzet bolluğu şəraitində “İki sahil”in tutduğu mövqeni necə dəyərləndirmək olar?

- Biz ilk növbədə çalışırıq ki, yazdığımız yazılarda daxili vicdanımızı ortaya qoyaq. Həmçinin dəqiqlik, obyektivlik, qərəzli olmamaq da ən başlıca şərtdir. Bunlar həm də jurnalistikanın əsas prinsipləridir. Bizim ən başlıca işimiz dövlətçilik ideologiyasının, milli-mənəvi dəyərlərin qorunması və daha da inkişaf etdirilməsidir. Bu təkcə jurnalistin deyil, hər bir şəxsin vətəndaşlıq borcudur.

- 25 yaşı olan bir qəzetin baş redaktoru kimi indiki gənc jurnalistlərin fəaliyyətini necə qiymətləndirirsiniz? Siz həm də Bakı Slavyan Universitetində jurnalistika fakültəsinin tələbələrinə dərs deyirsiniz. Tələbələrin jurnalistikaya marağı hansı səviyyədədir?

- Jurnalistika elə bir sahədir ki, burada daxili istedadın olması mütləqdir. Yazıçı Kənan Hacı uzun müddət bizim işçi olub. Bizdə çalışan vaxt onun ali təhsili yox idi. Ola bilər sonradan ali təhsil alıb. Onun daxilində böyük yaradıcılıq, istedad var idi. Jurnalistika belədir. Universitetdə dərs dediyim tələbələr arasında qabiliyyətli gənclər az deyil. Amma elə tələbələr var və 100 faiz bilirəm ki, gələcəkdə ondan jurnalist olmayacaq. Hansı peşənin sahibi olacaq, heç o da bəlli deyil. Jurnalistikanın inkişafı ilə bağlı dövlət nə lazımdırsa, edir. Bütün bunlara baxmayaraq, bu gün müəyyən problemlər də var. Bu problemləri də jurnalistlərin özü yaradır.

Jurnalistikaya ləkə gətirənlər də az deyil

Müəyyən mənada peşəkarlıq aşağı səviyyədədir. Düzdür, kifayət qədər peşəkar jurnalistlərimiz də çoxdur. Qeyri-dövlət təşkilatı olan Mətbuat Şurası özü-özünü tənzimləyən bir qurum kimi uğurla fəaliyyət göstərir. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da Azərbaycan mətbuat tarixində mühüm hadisədir. Hər iki qurum müntəzəm yazı müsabiqələri keçirir. Mən bir ekspert kimi o yazıları oxuyuram və o yazı müəllifləri arasında çox istedadlı jurnalistlər var. Digər tərəfdən, jurnalistikaya ləkə gətirənlər də az deyil. Zaman keçdikcə bütün pislər ələnəcək.

İlk yazım “Təbriz, səndən gileyim var” başlığı altında çap olunmuşdu

- Qəzetdə yazdığınız ilk yazını xatırlayırsınızmı?

- Qəzet yaranan gündən bizim devizimiz “Vahid Azərbaycan uğrunda!” olub. İlk yazım “Təbriz, səndən gileyim var” başlığı altında çap olunmuşdu. Naxçıvandakı “Təbriz” mehmanxanasında cənubi azərbaycanlı ilə söhbət edirdim. Mən Azərbaycan türkcəsində, o isə fars dilində danışırdı. Bu məni çox ağrıtdı. Bu haqda bir yazı yazdım. Yazını da “Təbriz” adını daşıyan mehmanxanada yazdım. Doğma qardaşımın mənimlə fars dilində danışması çox üzücü idi... Qəzetdə Araz dərdindən, o taylı, bu taylı soydaşlarımızın problemlərindən ətraflı materiallar dərc olunurdu. İlk nömrədə dərc olunan “Xudafərin körpüləri”, “Təbriz, səndən gileyim var” kimi yazılar oxucular tərəfindən böyük maraqla qarşılanmışdı. Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan "İki sahil" sözsüz ki, ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmadı.

- Hazırda ölkədə elektron media sahəsində bir bolluq yaşanır. Siz necə düşünürsünüz, çap mediası elektron media ilə ayaqlaşa bilirmi?

-(gülür) Mən qəzet adamıyam. Hesab edirəm ki, elektron media operativliyinə görə çap mediasından fərqlənir. Bu, əsas üstünlükdür. Lakin mən düşünürəm ki, çap mediasına həmişə ehtiyac olacaq. Nə mənada?! Çap mediasında müəllif, təhlil yazılarına geniş yer verilir. Bu gün elə materiallar var ki, qəzetdə verə bilmirik. Bu baxımdan elektron medianın daha geniş imkanları var və biz bu imkanlardan maksimum şəkildə istifadə edirik. Çalışırıq ki, fərqli iş ərsəyə gətirək, maraqlı yaradıcılıq nümunələri ortaya qoyaq. Qəzetlər var ki, 3-5 il yaşayır, sonra sıradan çıxır. Ümumiyyətlə, bu sahədə işini gərək elə sistemli şəkildə qurasan ki, qəzetin ömrü uzun olsun. Həm də bir mövqeyin, bir əqidən olmalıdır. Həqiqətən də şəxsi məqsədlərə qulluq edən, öz maraq dairələrindən kənara çıxa bilməyən, peşə davranış qaydalarına zidd fəaliyyət göstərən qəzetlər az deyil. Belə olan halda qəzetlərin ömrü uzun olmur. Yalan 5 dəfə yazırsan, 10 dəfə yazırsan, 11-ci dəfə oxucu buna inanmır. Ona görə də hər zaman obyektiv, qərəzsiz mövqe tutmaq vacibdir.

Gələcəklə bağlı ən ümdə arzum budur ki, qəzetimizin tirajı daha da artsın

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?

- Mənim gələcəklə bağlı ən ümdə arzum budur ki, qəzetimizin tirajı daha da artsın. Mən yazının başlığına, həcminə çox ciddi fikir verirəm. Xəbərin, məqalənin başlığı yazının 50 faizi deməkdir. Elə yazı başlığı qoymalısan ki, başlıq çığırsın ki, məni oxu. Biz də maksimum çalışırıq ki, inkişafla ayaqlaşaq. “İki sahil” qəzeti olaraq əldə olunan uğurlarımız dövlətimizin 25 illik müstəqillik tarixi ilə bağlıdır. Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 ilinin qəzetimizin 25 illiyi ilə üst-üstə düşməsi təsadüfi deyil. Bu fakt bir daha onu təsdiqləyir ki, tutduğu yoldan geri dönməyən, fəaliyyətə başladığı gündən düzə düz, əyriyə əyri kimi yanaşan qəzetimiz Azərbaycanın keçdiyi inkişaf yoluna daim bələdçilik edəcək. Eyni zamanda, “İki sahil” qəzeti 25 illik tarixi ərzində böyük təcrübə əldə edərək, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoyub.

FOTO - Şahin Sərdarov © APA HOLDİNG

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR