İran Dəmir Yolları Birliyinin sədri İqtisadiyyat və Sənaye Nazirliyində olub

İran Dəmir Yolları Birliyinin sədri İqtisadiyyat və Sənaye Nazirliyində olub
# 22 oktyabr 2014 16:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Oktyabrın 22-də iqtisadiyyat və sənaye naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının nəqliyyat və yükdaşıma nazirinin müavini, İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb.

2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və Həştərxanda keçirilmiş görüşləri, aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına əlverişli zəmin yaradıb.

Görüşdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi üçün tədbirlər görüldüyü bildirilib.

Görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara layihəsinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Şahin Mustafayev layihənin hər iki tərəf üçün xüsusi əhəmiyyətini qeyd edərək, layihənin tezliklə başa çatdırılması üçün lazımi dəstək göstəriləcəyini vurğulayıb.

İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi səmimi qəbula görə təşəkkür edərək, ölkələrimiz arasında digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də əlaqələrin uğuru inkişafını qeyd edib, Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin İranda həyata keçirilən prioritet nəqliyyat layihələrindən olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən konfrans çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edən P.Ağayi layihənin İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemini birləşdirəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR