Xələf Xələfov Çex Respublikası xarici işlər nazirinin birinci müavini ilə görüşüb

Xələf Xələfov Çex Respublikası xarici işlər nazirinin birinci müavini ilə görüşüb
# 19 may 2015 14:50 (UTC +04:00)

Bakı – APA. Mayın 19-da Azərbaycan Respublikası və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında keçirilən növbəti siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Çex Respublikası xarici işlər nazirinin birinci müavini Petr Drulak ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, X. Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını deyib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barəsində danışan nazir müavini Azərbaycan və Çexiya arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Azərbaycan xarici siyasətin qarşısında duran ən vacib məsələnin ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası olduğunu bildirən X. Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin bu vaxta kimi həll edilməməsinin və Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinin nəticəsiz qalmasının səbəbinin Ermənistanın danışıqlarda dağıdıcı mövqe tutması olduğunu vurğulayıb. O, beynəlxalq birliyin ikili standartlara əsaslanan yanaşmanı kənara qoyaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün Ermənistana qarşı konkret təzyiq göstərməsinin münaqişənin həllinin tezləşdirilməsinə yardımçı olacağını bildirib.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən P. Drulak Bakıda qədim ənənələrin müasirliklə ahənginin xoş təəssüratlar oyatdığını söyləyib. O, Çex Respublikasının regionda ən vacib strateji tərəfdaşının Azərbaycan olduğunu, bu səbəbdən Azərbaycanla münasibətlərin inkişafına və dərinləşdirilməsinə hökuməti tərəfindən xüsusi önəm verildiyini deyib. P. Drulak bu baxımdan Çex Respublikasının ənənəvi və alternativ enerji sahələrinin modernləşdirilməsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Şəhər nəqliyyatı şəbəkəsi, səhiyyə sahəsində ölkəsinin nümunəvi təcrübəyə malik olduğunu bildirən P. Drulak bu sahələrdə də əməkdaşlığın faydalı olacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR