BANM-də “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” kitabının təqdimatı keçirilib

BANM-də “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” kitabının təqdimatı keçirilib
# 08 iyun 2016 09:35 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubskinin müəllifi olduğu “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” (Offshore Oil and Gas Installations Security) kitabının təqdimatı keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov müasir geopolitik reallıqlarda dünyanın üzləşdiyi problemlərdən danışıb, Azərbaycandakı dəniz neft-qaz platformalarına güclü nəzarət olduğunu deyib. Bir ölkənin iqtisadiyyat gücünə böyük zərbə vuran neft-qaz platformalarına edilən hücumlardan söz açaraq, bu sahədə təhlükəsizlik tədbirlərinin artırılmasının və beynəlxalq təşkilatların terror hücumlarına qarşı səfərbər olmasının vacibliyini vurğulayıb.

Mixail Kaşubski müəllifi olduğu kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Kitabın 10 il müddətində tarixi faktlara, geopolitik təhlillərə, elmi araşdırmalara əsaslanaraq ərsəyə gətirildiyini deyib. M.Kaşubski kitabın qlobal iqtisadi böhrana səbəb olan neft-qaz platformalarına terror hücumlarının qarşısını almaq məqsədilə beynəlxalq təşkilatların diqqətini bu problemə cəlb etmək, onları bu istiqamətdə daha mühüm tədbirlər görməyə sövq etmək, dünya ölkələrində neft-qaz sənayesinin təhlükəsizliyini təmin etmək və həyəcan təbili çalmaq məqsədini daşıdığını bildirib.

M. Kaşubski Azərbaycan Dövlət Gömrük Komitəsinin köməkliyi ilə kitabın Azərbaycan və rus dillərinə tərcüməsinin nəzərdə tutulduğunu deyib.

Təqdimatdan sonra M.Kaşubski sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR