Atıcılıq üzrə Qəbələ Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycan təmsilcisi bürünc medal qazanıb

Atıcılıq üzrə Qəbələ Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycan təmsilcisi bürünc medal qazanıb
# 18 avqust 2014 19:56 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışları davam edir. APA-nın yerli bürosunun xəbərinə görə rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil edilən yarışda kişilərin və gənc oğlanların yarışı olub. Turnirdə Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan təmsilçiləri mübarizə aparıblar.

Kişilər arasında dairəvi səngər stend üzrə keçirilən yarışda Böyük Britaniya idmançısı Rory Varlov qızıl, Qətər təmsilçisi Rəşid Hamad gümüş, Qazaxıstan atıcısı Aleksandr Yeshenko bürünc medal qazanıb. Gənc oğlanlar arasında dairəvi stend üzrə keçirilən yarışda isə Qazaxstan təmsilçisi Aleksandr Mukhmediyev birinci, Qətər idmançısı Məhəmməd Al-Kuvari ikinci, Azərbaycan atıcısı Niyaz Ağazadə üçüncü yeri tutub.

Qeyd edək ki, ümumi mükafat fondu 81000 ABŞ dolları olan yarışda 150–yə yaxın kişi və qadın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparır. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir.

Turnir avqustun 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR