DSMF-nin 2015-ci il büdcəsinin gəlirlərinin 64%-ni sosial sığorta haqları təşkil edəcək

DSMF-nin 2015-ci il büdcəsinin gəlirlərinin 64%-ni sosial sığorta haqları təşkil edəcək
# 17 noyabr 2014 08:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sosial islahatların Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş əsas nailiyyətlərdən biri ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

E. Mehdiyevin sözlərinə görə, Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı DSMF-nin gəlirlərinin artımını da şərtləndirir.

Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan DSMF-in büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində DSMF-in büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 mlrd. 780 mln. manata çatıb. DSMF-nin 2015-ci ildə isə sosial sığorta haqları üzrə gəlirləri 1 mlrd. 950 mln. manat məbləğində nəzərdə tutulur. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,50%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.

Fondun 2015-ci il üçün büdcə proqnozları barədə məlumat verən E. Mehdiyev bildirib ki, növbəti il üzrə fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb.

Qeyd olunub ki, layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3 mlrd. 56 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 127,8 mln. manat və ya 4,4% çoxdur. Fondun 2015-ci il üçün gəlirlərinin 64%-ni və ya 1 mlrd. 950 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. DSMF-nin ümumi daxilolmalarında dövlət büdcəsindən ayrılan transfertin məbləğinin xüsusi çəkisi isə 36%-ə enəcək.

Qeyri-büdcə üzrə gəlirlərin artımının növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alındığını vurğulayan DSMF sədri diqqətə çatdırıb ki, bu hesaba fondun 2015-ci il üçün büdcəsi layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,7% artımı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR