Qənirə Paşayeva Finlandiyada yaşayan türklərdən Xocalı Soyqrımının yayılmasında səylərini artırmağa çağırıb

Qənirə Paşayeva Finlandiyada yaşayan türklərdən Xocalı Soyqrımının yayılmasında səylərini artırmağa çağırıb
# 23 may 2015 13:49 (UTC +04:00)

Bakı - APA. Millət vəkili Qənirə Paşayeva Finlandiya Türk Dərnəyi Başkanı Engin Uludamarla görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı millət vəkili deyib ki, Finlandiyada fəaliyyət göstərən Türk kökənli diasporlar Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin Finlandiya cəmiyyətinə və dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması ,“qondarma erməni soyqırımı”na qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalarını sürətləndirməlidirlər.

Deputat E. Uludamara Azərbaycana, onun haqlı davasına hər zaman göstərdiyi diqqətə görə təşəkkür edib və rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB adından ona Azərbaycanla bağlı materiallar, yeni çapdan çıxmış “Karabağ hikayeleri” kitabını da təqdim edib.

Finlandiya Türk Dərnəyi başqanı bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi, bundan sonra da daim Azərbaycanın həqiqətlərinin daha geniş yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz səylərini daha da artıracaqlar.

O, qardaş Azərbaycanın Qarabağ ağrısının onların da ağrısı olduğunu bildirib və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycan həqiqətlərinin Finlandiyada daha geniş yayılması işində əllərindən gələn dəstəyi bundan sonra da hər zaman göstərəcəklərini deyib.

O, eyni zamanda Finlandiyada yaşayan azərbaycanlılar və onların təşkilatları ilə də əməkdaşlığı getdikcə daha da gücləndirdiklərini vurğulayıb.

Q. Paşayeva Finlandiyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının koordinasiya olunmuş şəkildə bir-birlərinə daha da sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi diqqətə çatdırıb.

Görüşdə bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR