Bakı-Quba yolunun 14 kilometri təmir olunur

Bakı-Quba yolunun 14 kilometri təmir olunur
# 25 avqust 2015 10:05 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda təmir işləri aparılır. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonunda, Bakı şəhəri istiqamətinə doğru olan hissədə təmir-bərpa işləri davam etdirilir. İşlər magistral yolun 105-119-cu kilometrlik hissəsində aparılır. Sözügedən ərazinin təqribən 14 kilometrlik hissəsində normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğramış yolun hərəkət hissəsinin, yolun sağ hərəkət zolağının bərpası işləri aparılır. Ona görə də həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, işlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Sözügedən yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlərin tez bir zamanda və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. “Azəryolservis” yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR