Nazirlik xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Nazirlik xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib
# 09 sentyabr 2016 13:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində nazirliyin, Ombudsman aparatının, ayrı-ayrı QHT-lərin nümayəndələrinin iştirakı ilə 21 sentyabr -Beynəlxalq Sülh günü ilə əlaqədar “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev və başqaları çıxış ediblər.

Qeyd olunub ki, Beynəlxalq Sülh günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir ki, bu aylıq çərçivəsində nazirlik tərəfindən də müvafiq tədbirlər təşkil olunur. Vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə insan hüquqlarının müdafiəsi, habelə əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması yönündə əldə olunan nailiyyətlər də diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bərabər, onların tibbi-sosial reabilitasiyası məqsədilə də mühüm işlər aparılır. Bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi diqqətdə saxlanılır.

Bundan başqa, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi ən müasir tələblərə cavab verən reabilitasiya müəssisələrindən biridir. Burada sağlamlıq imkanları məhdud uşaqların səmərəli fizioterapevtik metodlar əsasında bərpa müalicəsi işləri yerinə yetirilir. Mərkəzdə qum terapiyası, artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə edilməklə, həmçinin uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi əsasında onlarla sosial mühit oriyentasiyası tədrisi aparılır.

Ümumilikdə nazirliyin əlilliyi olan şəxslər üçün ölkənin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi vardır ki, onlarda hər il 8 min nəfərdən çox şəxsə bərpa-müalicə xidməti göstərilir. Əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə də müvafiq işlər davam etdirilir. Təkcə bu ilin yanvar-avqust aylarında nazirliyin xətti ilə 9 747 nəfər əlilliyi olan şəxs, o cümlədən 1 153 nəfər Qarabağ müharibəsi əlili protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Onlara ümumilikdə 23 156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1077 ədəd əlil arabası verilib.

Eləcə də keçən il və cari ilin ötən dövründə nazirlik tərəfindən ümumilikdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası, onların reabilitasiya potensiallarının reallaşdırılması, yaradıcılıq imkanlarının dəstəklənməsi, sosial-məişət problemlərinin həlli, sosial xidmətlərlə təminatı və s. istiqamətlərdə də məqsədyönlü tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR