Bakıda “WorldFood Azerbaijan 2015” sərgisi keçirilir

Bakıda “WorldFood Azerbaijan 2015” sərgisi keçirilir
# 21 may 2015 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Bakı Ekspo Mərkəzində “Azərbaycan Beynəlxalq Qida sənayesi” (“WorldFood Azerbaijan 2015”) sərgisi başlayıb.

APA-Economics”in xəbərinə görə, hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distributorları və təchizatçıları iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çox olacaq və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyadan və digər ölkələrin şirkətləri təqdim olunur. Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak edir.

Sərginin ənənəvi bölmələrində balıq, mal / qoyun / quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunur. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkündür. Ziyarətçiləri ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri və çoxsaylı maraqlı təkliflər gözləyir.

Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” (“Ipack Caspian 2015”) sərgisində qablaşdırma materialları ilə yanaşı, qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqları, habelə müxtəlif sənaye sahələri üçün tara və hazır qablaşdırma məhsullarını təqdim edilir.

“WorldFood Azerbaijan” sərgisi beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinə və ərzaq məhsulları çeşidini zənginləşdirməyə imkan yaradaraq Azərbaycanın qida sənayesində investisiya həcminin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Sərgi mayın 24-dək davam edəcək.

Qeyd edək ki, sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR