Xaricdə əyani təhsil alan Azərbaycan vətəndaşlarına hərbi çağırışdan möhlət hüququ verilməsinə dair məhdudiyyət aradan qaldırılıb

Xaricdə əyani təhsil alan Azərbaycan vətəndaşlarına hərbi çağırışdan möhlət hüququ verilməsinə dair məhdudiyyət aradan qaldırılıb
# 31 may 2016 12:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəni Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə təqdim edib. Dəyişikliyə əsasən, xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır. Qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir. Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.

Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.

Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkələrin təhsil müəssisələrinin siyahısına ehtiyac qalmır.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR