Həsən Ruhani Cenevrə razılaşmasını supergüclərin İran xalqı qarşısında təslim olması kimi dəyərləndirib

Həsən Ruhani Cenevrə razılaşmasını supergüclərin İran xalqı qarşısında təslim olması kimi dəyərləndirib
# 14 yanvar 2014 13:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti yanvarın 20-də qüvvəyə minəcək Cenevrə razılaşmasından danışıb.

APA - nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani bildirib ki, Cenevrə razılaşması supergüclərin İran xalqı qarşısında təslim olmasıdır.

“Cenevrə razılaşması gənc alimlərin səyi, özlərini qurban vermələri nəticəsində əldə etdiyimiz dinc məqsədli nüvə texnologiyasının dünya tərəfindən qəbul olunmasıdır. Cenevrə razılaşması sülhsevər İran xalqına qarşı lazımsız sanksiyalar maneəsinin sındırılmasıdır”, - deyə o vurğulayıb.

İran prezidenti deyib ki, bu nailiyyət İran xalqının ötən il iyunun 14-də keçirilmiş seçkilərdə kütləvi iştirakının nəticəsidir: “Biz xalqın və ölkənin milli maraqlarını müdafiə edəcəyik və dünya ilə əlaqələrimizi xalqın maraqlarına əsasən tənzimləyəcəyik”.

Qeyd edək ki, Həsən Ruhani Xuzistan vilayətinə uzun müddətdir gözlənilən səfərini həyata keçirib. Bu gün səhər saatlarında duman səbəbindən Xuzistan vilayətinin Əhvaz şəhərinə bütün reyslər ləğv edilib. Bu üzdən İran prezidentinin Xuzistan vilayətinə səfərinin duman azaldıqdan sonra həyata keçirilməsi planlaşdırılıb.

Bu, Ruhaninin hakimiyyətə gəlməsindən sonra ölkə vilayətlərinə ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR